“The Economist” 2027-ci ilin əsas qlobal risklərini açıqladı
Hər il noyabr ayında “The Economist” jurnalı qarşıdakı ilin əsas hadisələrini və qlobal tendensiyalarını əks etdirən xüsusi buraxılışını təqdim edir. Nəşrin üz qabığı isə hər dəfə geniş müzakirələrə səbəb olur. Oxucular həmin təsvirlərdə gələcəyə dair mesajlar və mümkün hadisələrin işarələrini axtarırlar.
Crossmedia.az xəbər verir ki, jurnalın 2027-ci il üçün hazırladığı üz qabığına da bu prizmadan nəzər saldıqda bir sıra diqqətçəkən məqamlar üzə çıxır.
Əvvəlcə hərbi simvollara diqqət yetirək. Üz qabığında qarşı-qarşıya dayanan tanklar, raketlər və zəncirlənmiş tanker təsvir olunub. Bu elementlər dünyada davam edən münaqişələri, hərbi qarşıdurmaları və enerji təhlükəsizliyi ilə bağlı riskləri xatırladır. Xüsusilə zəncirlənmiş tanker İran müharibəsindən sonra enerji marşrutlarında yaranan problemlərlə əlaqələndirilə bilər.
İndi isə iqtisadi simvollara nəzər salaq. Üz qabığında maliyyə bazarlarına, pul dövriyyəsinə və süni intellektə işarə edən təsvirlər yer alır. Aşağı istiqamətlənən qrafik və pul yığınları iqtisadi qeyri-sabitlik, borclanma və maliyyə bazarlarında mümkün sarsıntılarla bağlı narahatlıqları ifadə edir.
Jurnalın özünün açıqladığı əsas proqnozlardan biri də məhz budur: inkişaf etmiş ölkələr imkanlarından daha çox xərcləyir və bu vəziyyət uzun müddət davam edə bilməz. Dövlət borclarının artması və istiqraz gəlirliliyinin yüksəlməsi qlobal maliyyə sistemində ciddi təzyiq yaradır. Nəşrin qənaətinə görə, müəyyən məqamda bu sistemdə nəyinsə qırılması qaçılmaz ola bilər.
Bəs bu risklərin Avropadakı əsas ünvanı haradır?
Diqqət mərkəzində Fransadır. 2027-ci ildə ölkədə prezident seçkiləri keçiriləcək. Jurnalın əsas suallarından biri ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penin prezident seçkilərində qalib gəlib-gəlməyəcəyidir. Belə bir nəticə Avropa İttifaqında ciddi siyasi dəyişikliklərə səbəb ola, Fransa ilə Almaniya arasındakı münasibətlərə və Avropanın siyasi birliyinə təsir göstərə bilər.
Bununla yanaşı, Fransanın dövlət borcu və maliyyə vəziyyəti də narahatlıq doğurur. Artan borclanma xərcləri ölkənin iqtisadi dayanıqlılığına dair sualları gündəmə gətirir. “The Economist” hesab edir ki, Fransada mümkün siyasi dəyişikliklər maliyyə bazarlarındakı təzyiqləri daha da gücləndirə bilər.
Jurnalın 2027-ci il üçün proqnozlarında İran müharibəsinin nəticələri də xüsusi yer tutur. Müharibənin enerji marşrutlarına, beynəlxalq münasibətlərə və ərzaq təhlükəsizliyinə təsir göstərəcəyi ehtimal edilir. Süni intellekt sahəsində isə sürətli inkişafla yanaşı, maliyyə, siyasi və kibertəhlükəsizlik risklərinin artacağı gözlənilir.
Bütün bunlar göstərir ki, “The Economist” qarşıdakı ildə dünyanı yalnız hərbi qarşıdurmaların deyil, həm də iqtisadi və siyasi sarsıntıların gözləyə biləcəyini düşünür.
Bu proseslər Azərbaycan üçün də əhəmiyyətlidir. Xüsusilə Avropa iqtisadiyyatında baş verəcək dəyişikliklər ölkəmizin xarici ticarətinə, enerji ixracına və iqtisadi əlaqələrinə təsirsiz ötüşməyəcək. Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Buna görə də Avropada mümkün maliyyə böhranı və iqtisadi durğunluq Azərbaycan iqtisadiyyatı baxımından da diqqətlə izlənilməlidir.
Bəs “The Economist” bu dəfə nə dərəcədə haqlı çıxacaq?
Xatırladaq ki, jurnalın əvvəlki buraxılışlarında İranla bağlı müharibənin builki miqyasda nəticələri əsas proqnozlar sırasında deyildi. Lakin həmin münaqişənin nəticələri 2026-cı ilin beynəlxalq gündəminə ciddi təsir göstərdi.
Bu dəfə isə nəşr diqqəti ABŞ-də Tramp dövründən sonrakı siyasi mərhələyə, İran müharibəsinin nəticələrinə, süni intellektə, Avropada populizmin yüksəlişinə və qlobal borc probleminə yönəldir.
Görünən odur ki, 2027-ci il dünya üçün həm siyasi, həm də iqtisadi baxımdan sınaq ili ola bilər. Bəs jurnalın proqnozları özünü doğruldacaqmı, yoxsa hadisələr yenə gözlənilməz istiqamətdə inkişaf edəcək?
Ayhan
12:17 17.11.2026
Oxunuş sayı: 159