Avropanın baş diplomatı danışıqlar masasından kənarda qalıb
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak edəcək nümayəndə heyətinə daxil edilməməsindən narazılığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Kallas jurnalistlərə açıqlamasında Avropa müqavilələrinə diqqət çəkərək, xarici siyasət və təhlükəsizlik məsələlərinin kimin səlahiyyətinə aid olduğunu xatırladıb. O, avropalıların hüququn aliliyindən danışarkən bu məsələlərin müvafiq müqavilələrdə əks olunduğunu vurğulayıb.
“Fikrimdə qalıram. Bu işi də görməyə hazıram”, – deyə Kallas bildirib.
Nəşrin danışdığı avropalı diplomatların sözlərinə görə, Kallasın danışıqlar qrupuna daxil edilməməsinin səbəblərindən biri onun ABŞ Prezidenti Donald Trampın ünvanına səsləndirdiyi tənqidi fikirlərdir.
Qeyd edək ki, Kaya Kallas bundan əvvəl Rusiya ilə danışıqlarda Avropanı təmsil edə biləcəyini bəyan etmişdi. O, 2024-cü ildə Avropa qurumlarında rəhbər vəzifələrə təyinat zamanı bu istiqamətdə razılaşmaların əldə olunduğunu xatırlatmışdı.
Kallas Rusiyanın onun namizədliyinə qarşı çıxmasının Avropa üçün problem yaratmamalı olduğunu bildirərək, hər kəsin öz nümayəndəsini seçmək hüququna malik olduğunu qeyd etmişdi.
10:47 17.11.2026
Oxunuş sayı: 110