Vətənpərvər nəsil necə yetişir? Psixoloji yanaşma
Vətənpərvərlik
hər bir xalqın milli kimliyini, mənəvi dəyərlərini və dövlətçilik ənənələrini
qoruyan mühüm sosial-psixoloji keyfiyyətlərdən biridir. Vətənə, torpağa, xalqa
və dövlətə sədaqət, milli-mənəvi irsə hörmət, ölkənin gələcəyi qarşısında məsuliyyət
hissi və onun inkişafına töhfə vermək istəyi vətənpərvərliyin əsas göstəriciləridir.
Bu baxımdan cəmiyyətin qarşısında duran mühüm vəzifələrdən biri gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə edilməsi, onlarda milli mənsubiyyət, Vətənə bağlılıq və vətəndaş
məsuliyyəti hisslərinin formalaşdırılmasıdır.
Azərbaycan
xalqının tarixində vətənpərvərlik ideyasının inkişafı Ümummilli Lider Heydər
Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Ömrünü xalqının rifahına, milli dövlətçiliyimizin
möhkəmləndirilməsinə və Azərbaycançılıq ideologiyasının inkişafına həsr etmiş
Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi milli qürurun və
vətənə bağlılığın mühüm rəmzinə çevrilmişdir. Bu fikir hər bir Azərbaycan vətəndaşının
öz milli kimliyini dərk etməsi, xalqının tarixinə, mədəniyyətinə və dövlətçilik
ənənələrinə hörmətlə yanaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanlı
olan hər bir şəxs ölkəmizin gələcəyi, inkişafı və tərəqqisi naminə öz bilik və
bacarıqlarından istifadə etməli, cəmiyyət qarşısında məsuliyyətini dərk etməlidir.
Çünki vətənpərvərlik yalnız emosional bağlılıq deyil, həm də əməli fəaliyyət, vətəndaş
mövqeyi və sosial məsuliyyətlə ifadə olunan mənəvi keyfiyyətdir.
Azərbaycan
xalqının müasir tarixində Qarabağ münaqişəsi və Vətən müharibəsi milli birlik,
dövlətə sədaqət və vətənpərvərlik hisslərinin daha qabarıq şəkildə təzahür
etdiyi mühüm tarixi mərhələlərdir. XX əsrin 80-ci illərinin sonlarından etibarən
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində
ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal
edilmişdir. Bu proses yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvasından didərgin
düşməsi, yaşayış məntəqələrinin dağıdılması və xalqımızın ağır humanitar itkilərlə
üzləşməsi ilə nəticələnmişdir. Baş verən hadisələr Azərbaycan xalqının tarixi
yaddaşında dərin iz buraxmış, milli həmrəylik və Vətənə bağlılıq hisslərini
daha da gücləndirmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazilərinə və yaşayış məntəqələrinə hücumlarından sonra Azərbaycan
Ordusu əks-hücum əməliyyatlarına başlamışdır. 44 gün davam edən Vətən müharibəsi
Azərbaycan xalqının milli birliyini, dövlətimizin müdafiə qüdrətini və Azərbaycan
əsgərinin qəhrəmanlığını nümayiş etdirmişdir.
Müzəffər
Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində bir sıra şəhər,
rayon və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilmişdir. 2020-ci il
noyabrın 8-də Şuşa şəhərinin azad olunması müharibənin gedişində həlledici əhəmiyyət
daşımışdır. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar
dayandırılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 27 sentyabr Anım Günü, 8
noyabr isə Zəfər Günü elan edilmişdir. Bu tarixlər xalqımızın qəhrəmanlıq
tarixinin, milli birliyinin və dövlətçilik iradəsinin təcəssümü kimi xüsusi əhəmiyyət
daşıyır. Vətən müharibəsi yalnız hərbi qələbə deyil, həm də milli özünüdərk,
vətəndaş həmrəyliyi və vətənpərvərlik şüurunun güclənməsi baxımından mühüm
tarixi hadisədir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz,
sağlamlığını itirən qazilərimiz və ön, eləcə də arxa cəbhədə fədakarlıq göstərən
vətəndaşlarımız xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Müharibə
zamanı mülki əhalinin, o cümlədən uşaqların, qadınların və yaşlı insanların həyatını
itirməsi, yaşayış məntəqələrinin və mülki infrastrukturun dağıdılması müharibənin
ağır humanitar nəticələrini bir daha göstərmişdir. Bu hadisələr gələcək nəsillərə
sülhün, təhlükəsizliyin, insan həyatının və dövlət müstəqilliyinin dəyərinin
aşılanmasının vacibliyini ortaya qoyur.
Azərbaycan
əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq, iradə və fədakarlıq vətənpərvərlik
tərbiyəsinin mühüm nümunələrindəndir. Lakin bu qəhrəmanlıq nümunələrinin gələcək
nəsillərə ötürülməsi yalnız tarixi hadisələrin öyrədilməsi ilə məhdudlaşmamalı,
onların psixoloji və mənəvi mahiyyətinin uşaqlar tərəfindən dərk edilməsinə də
xidmət etməlidir.
Vətənpərvərliyin psixoloji mahiyyəti və uşaqlıq dövründə formalaşması qarşıda
duran ən vacib məsələlərdən biridir.
Vətənpərvərlik
insanın şəxsiyyət kimi formalaşması prosesində inkişaf edən mürəkkəb
sosial-psixoloji keyfiyyətdir. Bu keyfiyyətin əsasını doğma yurda bağlılıq,
milli mənsubiyyətin dərk edilməsi, ana dilinə sevgi, tarixi yaddaş, milli-mənəvi
dəyərlərə hörmət və cəmiyyət qarşısında məsuliyyət hissi təşkil edir. Vətən
sevgisi öz-özünə və birdən-birə yaranan hiss deyil. Onun ilkin əsasları uşaqlıq
dövründə ailə münasibətləri, sosial mühit, tərbiyə prosesi və şəxsi təcrübələr
vasitəsilə formalaşır. Uşağın ətraf aləmi dərk etməsi ilk növbədə ailədə
qazandığı emosional təcrübə ilə bağlıdır. Ailə üzvlərinə duyulan sevgi,
valideyn qayğısı, təhlükəsizlik və mənsubiyyət hissi uşağın sosial münasibətlər
sisteminin ilkin əsaslarını yaradır. Ana Vətən anlayışı uşaq şüurunda ilkin
olaraq ana sevgisi, ailə qayğısı, doğma ev, yaşadığı küçə və şəhərlə bağlı
emosional təsəvvürlər vasitəsilə formalaşa bilər. Sonrakı inkişaf mərhələlərində
bu bağlılıq doğulduğu ölkəyə, xalqına, dilinə, tarixinə və mədəniyyətinə
münasibətdə genişlənir.
Beləliklə, uşağın ailə üzvlərinə olan sevgisi, doğma şəhərinə
bağlılığı və yaşadığı ölkəyə münasibəti tədricən milli mənsubiyyət şüurunun
formalaşmasına zəmin yaradır. Bu baxımdan vətənpərvərlik tərbiyəsi uşağın erkən
yaşlarından etibarən məqsədyönlü şəkildə təşkil edilməlidir. Vətənə və
xalqının tarixinə münasibətin formalaşması uşağın mənəvi inkişafına,
özünüidentifikasiyasına və sosiallaşmasına təsir göstərən amillərdəndir. Öz köklərini,
milli mənsubiyyətini və tarixi keçmişini dərk edən uşaqda sosial bağlılıq və mənəvi
məsuliyyət hisslərinin inkişafı üçün əlverişli şərait yaranır. Vətənpərvərlik tərbiyəsində ailənin rolu da
xüsusi əhəmiyyətə malikdir.
Uşağın
vətənpərvərlik ruhunda tərbiyə olunmasında ailə ilkin və mühüm sosial
institutlardan biridir. Valideynlərin davranışları, ailədə istifadə olunan dil,
tarixi hadisələrə münasibət, milli bayramların qeyd edilməsi və milli-mənəvi dəyərlərə
verilən əhəmiyyət uşağın dünyagörüşünün formalaşmasına təsir göstərir. Valideynlər
uşaqlara yalnız Vətən sevgisi haqqında danışmaqla kifayətlənməməli, bu dəyərləri
öz davranışları ilə də nümayiş etdirməlidirlər. Çünki uşaqlar böyüklərin söylədiklərindən
əlavə, onların davranışlarını müşahidə edir və təqlid edirlər. Bu məqsədlə
valideynlər bir sıra tərbiyəvi fəaliyyətlər həyata keçirə bilərlər. İlk növbədə,
uşaqlara ailə tarixinin, ailə üzvlərinin keçmişinin, nailiyyətlərinin və qəhrəmanlıq
nümunələrinin öyrədilməsi vacibdir. Bununla yanaşı, doğulduğu şəhərin tarixi,
görməli yerləri, tarixi abidələri, tanınmış şəxsiyyətləri və milli qəhrəmanları
haqqında məlumatların verilməsi uşağın doğma mühitə bağlılığını gücləndirir. Ailəvi gəzintilər
zamanı uşaqlara küçə və meydanların adlarının hansı tarixi şəxsiyyətlərlə əlaqəli
olduğu, həmin insanların ölkəmizin tarixində hansı izləri qoyduğu izah edilə
bilər. Bu cür fəaliyyətlər uşağın tarixi yaddaşının inkişafına və milli irsə
marağının artmasına kömək edir. Uşaqların milli musiqi, ədəbiyyat, folklor,
dastan və qəhrəmanlıq nağılları ilə tanış edilməsi də mühüm tərbiyəvi əhəmiyyət
daşıyır. Bu nümunələr vasitəsilə onlarda cəsarət, ədalət, sədaqət, mərhəmət,
iradə və məsuliyyət kimi mənəvi keyfiyyətlər inkişaf etdirilə bilər.
Vətənpərvərlik eyni zamanda uşağın şəxsiyyətinin
inkişafında da vacib əhəmiyyət daşıyır.
Tərbiyənin bu növü uşağın yalnız milli mənsubiyyət
hissinə deyil, həm də şəxsiyyətinin müxtəlif psixoloji keyfiyyətlərinə təsir
göstərir. Bu prosesdə özünəinam, iradə, məsuliyyət, sosial həmrəylik, empatiya
və liderlik keyfiyyətlərinin inkişafı üçün əlverişli zəmin yaranır. Kiçik
yaşlarından tarixi dastanlar, qəhrəmanlıq nağılları və milli ədəbiyyat nümunələri
ilə tanış olan uşaqlar cəsarət, fədakarlıq, ədalət və vətənə sədaqət kimi
anlayışları mənimsəmək imkanı əldə edirlər. Lakin bu materialların təqdimatında
uşağın yaş və psixoloji xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Vətənpərvərlik
tərbiyəsinin mühüm komponentlərindən biri uşağın emosional inkişafının dəstəklənməsidir.
Uşaqlar öz hisslərini ifadə etməkdə sərbəst olmalı, onları düşündürən suallara
yaş səviyyələrinə uyğun cavablar almalıdırlar. Böyüklər uşağın fikirlərini dinləməli,
emosional təcrübələrinə hörmətlə yanaşmalı və onun müstəqil düşünmə bacarığının
inkişafına şərait yaratmalıdırlar. Xüsusilə müharibə hadisələrinin şahidi
olmuş, yaxınlarını itirmiş və ya müharibənin psixoloji təsirlərinə məruz qalmış
uşaqlarla işləyərkən xüsusi həssaslıq tələb olunur. Belə uşaqlarda qorxu,
narahatlıq, təhlükəsizlik ehtiyacı və emosional gərginlik müşahidə edilə bilər.
Buna görə də vətənpərvərlik tərbiyəsi uşaqlarda qorxu və aqressiya yaratmaq üzərində
deyil, sevgi, humanizm, sülh, həmrəylik və məsuliyyət dəyərləri üzərində
qurulmalıdır. Əsl vətənpərvərlik yalnız Vətəni silahla müdafiə etməyə hazır olmaq
deyil, həm də onun inkişafı üçün çalışmaq, keyfiyyətli təhsil almaq, peşəkar fəaliyyət
göstərmək, cəmiyyətə fayda vermək və dövlətin gələcəyi qarşısında məsuliyyət
daşımaqdır.
Vətənpərvərliyin əsas psixoloji və tərbiyəvi göstəriciləri
Uşaqlarda
vətənpərvərlik hissinin formalaşmasını bir neçə əsas istiqamət üzrə qiymətləndirmək
mümkündür:
1.
Emosional bağlılıq: Doğma ailəyə, yaşadığı əraziyə, ölkəyə və xalqa sevgi və mənsubiyyət
hissi
2.
Milli özünüdərk: Öz milli kimliyini, ana dilini, xalqının tarixini və mədəniyyətini
tanımaq.
3.
Tarixi yaddaş: Ölkənin tarixi hadisələri, görkəmli şəxsiyyətləri və qəhrəmanlıq
nümunələri haqqında məlumatlı olmaq.
4.
Mənəvi dəyərlər: Milli adət-ənənələrə, ailə dəyərlərinə, şəhidlərin xatirəsinə və
xalqın mədəni irsinə hörmət.
5.
Vətəndaş məsuliyyəti: Ölkənin inkişafına töhfə vermək, ictimai qaydalara və qanunlara
hörmətlə yanaşmaq.
6.
Sosial fəallıq: Cəmiyyətin həyatında iştirak etmək, ətraf mühitə və ictimai sərvətlərə
qayğı göstərmək.
Bu göstəricilər uşağın yaş xüsusiyyətləri, inkişaf səviyyəsi və sosial mühiti nəzərə alınmaqla tədricən inkişaf etdirilməlidir.
Vətənpərvərlik tərbiyəsi yalnız ailənin üzərinə düşən vəzifə deyil. Bu prosesdə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri və bütövlükdə cəmiyyət mühüm rol oynayır. Təhsil müəssisələrində milli tarix, ədəbiyyat, mədəniyyət və dövlətçilik ənənələri ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi uşaqların və gənclərin milli şüurunun inkişafına xidmət edir. Anım Günü, Zəfər Günü və digər əlamətdar tarixlərlə bağlı təşkil olunan tədbirlər şagird və tələbələrdə tarixi yaddaş, vətəndaşlıq mövqeyi və sosial məsuliyyət hisslərinin gücləndirilməsinə yönəlməlidir. Bu istiqamətdə müəllimlərin və psixoloqların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Psixoloji maarifləndirmə tədbirlərində uşaqlara milli kimlik, kollektiv yaddaş, sosial həmrəylik, vətəndaş məsuliyyəti və vətənpərvərlik anlayışlarının mahiyyəti izah edilməlidir. Müzakirələr, yaradıcı tapşırıqlar, tarixi məkanlara ekskursiyalar, qəhrəmanlıq nümunələrinin təhlili və sosial layihələr uşaqların mövzunu daha dərindən mənimsəməsinə imkan yaradır. Bu fəaliyyətlər zamanı uşaqların fərdi və yaş xüsusiyyətləri, emosional vəziyyəti və psixoloji ehtiyacları nəzərə alınmalıdır
Uşaqlara Vətəni sevməyi öyrətmək, ilk növbədə, onlara ailəsini, doğma dilini, yaşadığı torpağı, xalqının tarixini və mədəniyyətini sevdirməkdən başlayır. Öz milli kimliyini dərk edən, tarixi keçmişinə hörmətlə yanaşan, eyni zamanda digər xalqlara və mədəniyyətlərə hörmət göstərən uşaq gələcəkdə sağlam vətəndaş mövqeyinə malik şəxsiyyət kimi formalaşa bilər. Bu günün uşaqları sabahın alimləri, müəllimləri, həkimləri, mühəndisləri, dövlət xadimləri və Vətənin müdafiəçiləridir. Onların gələcəkdə ölkəmizin inkişafına töhfə verməsi üçün yalnız bilik və bacarıqlarının deyil, həm də mənəvi keyfiyyətlərinin, məsuliyyət hissinin və vətəndaşlıq mövqeyinin inkişafına diqqət yetirilməlidir. Bu gün tariximizin canlı şahidləri olan uşaqlar gələcək nəsillərin tərbiyəsində mühüm rol oynayacaqlar. Onların arasında Vətən müharibəsinin iştirakçılarının, şəhidlərin və qazilərin övladları da vardır. Bu uşaqların psixoloji inkişafına həssas yanaşmaq, onların mənəvi dayanıqlığını gücləndirmək, gələcəyə inamını qorumaq və Vətən sevgisini sağlam dəyərlər əsasında inkişaf etdirmək cəmiyyətin mühüm vəzifələrindəndir. Vətən sevgisi yalnız sözlə ifadə olunan hiss deyil, gündəlik davranışlarda, məsuliyyətli fəaliyyətdə və ölkənin tərəqqisi naminə görülən işlərdə özünü göstərən mənəvi dəyərdir. Vətəni sevmək onun tarixini öyrənmək, dilini qorumaq, mədəniyyətini yaşatmaq, təbiətinə qayğı göstərmək, dövlətçiliyinə hörmət etmək və gələcəyi naminə çalışmaq deməkdir.
Biz Azərbaycanlı olduğumuz üçün fəxr edirik! Bu qürur hissini gələcək nəsillərə ötürmək, onları milli-mənəvi dəyərlərə hörmət, humanizm, sülh və vətəndaş məsuliyyəti ruhunda yetişdirmək hər birimizin mənəvi borcudur.
Qasımova Fatiməxanım
ADPU Quba filialının Psixoloji dəstək xidmətinin rəhbəri, müəllim
13:06 08.11.2026
Oxunuş sayı: 39