Nasim Abışov Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, əməkdar müəllim Nasim Abışov Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına və ümumi qurultayın gedişinə görə YAP sədri, prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Təşəkkür məktubu Prezident.az saytında paylaşılıb.
Crossmedia.az məktubu təqdim edir:
Möhtərəm cənab Prezident!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının iştirakçısı kimi Sizə - partiyamızın Sədrinə dərin hörmət və minnətdarlığımı bildirirəm.
Qurultayda etdiyiniz dərin məzmunlu çıxış yalnız partiyamızın deyil, bütövlükdə ölkəmizin inkişaf yolunun əsas istiqamətlərini ortaya qoydu. Bu çıxış keçdiyimiz qələbələrlə zəngin yolun düzgünlüyünü bir daha təsdiqlədi, qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirdi və hər birimizə yeni ruh, yeni məsuliyyət hissi verdi. Sizin rəhbərliyinizlə Azərbaycan suverenliyini, ərazi bütövlüyünü və qürurunu bərpa etmiş, güclü, söz sahibi olan bir dövlət kimi dünyada mövqeyini möhkəmləndirmişdir.
Çıxışınızdan irəli gələn ən mühüm məsələlərdən biri kimi təhsilə verdiyiniz yüksək qiyməti xüsusi vurğulamaq istəyirəm. Təhsilin dövlətin gələcəyini müəyyən edən strateji sahə olduğunu, intellektual potensialın ölkənin ən böyük sərvəti sayılmalı olduğunu Siz bir daha açıq şəkildə ifadə etdiniz. Müəllimlərin əməyinə dövlət səviyyəsində göstərilən qayğı, təhsil ocaqlarının müasir standartlara uyğun qurulması və yeni nəslin müstəqil dövlətçiliyə sadiq, vətənpərvər, bilikli və peşəkar insanlar kimi yetişdirilməsi Sizin siyasətinizin ayrılmaz tərkib hissəsidir. Bu yanaşma gənclərimizə inamı artırır, onların dünya miqyasında rəqabətqabiliyyətli olmasına yol açır və Azərbaycanın uzunmüddətli inkişafının təminatı kimi çıxış edir.
Qurultayın iştirakçısı kimi söz verirəm ki, Sizin müəyyənləşdirdiyiniz vəzifələrin yerinə yetirilməsi üçün üzərimə düşən işi şərəflə görəcəyəm. Fəaliyyət göstərdiyim sahə üzrə var qüvvəmlə çalışaraq cəmiyyətdə təhsilin, elmin və maarifçiliyin dəyərinin daha da yüksəlməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcəyəm.
Sizə möhkəm cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı yolunda yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Nasim Abışov,
professor, ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru,
Əməkdar müəllim,
Azərbaycan Respublikası, Bakı şəhəri.
12:34 09.10.2026
Oxunuş sayı: 63