Bir kitabın fəlsəfəsi
“Tarixi araşdırmalar və müxtəlif tarix kitablarının demək olar ki, böyük əksəriyyəti hazırlıqlı oxucuda ilk addım olaraq bir neçə sual yaradır. Kitabı kim yazıb, hansı dövrdə yazılıb, kimin sifarişi ilə yazılıb? Yalnız bu suallara alınmış cavabdan sonra kitabla yaxından tanışlıq zamanı müəyyən olunur ki, müəllifin məqsədi nə olub, hansı mövzuları gündəmə gətirib, hansı məsələləri şübhə altına alıb, hansı mövzuların üstündən keçib və son nəticədə hansı ümumi mənzərəni yaratmaq istəyib. Bütün bunların sonunda müəyyən edilir ki, “kitab faydalı bir məhsul olaraq qarşıya çıxır, yoxsa ziyanlıdır”.
Diqqətimizi tarixçi-alim İradə Məmmədovanın “XVIII-XIX əsrin əvvəllərində Azərbaycanda əhalinin etnik tərkibi” adlı kitabı cəlb edir. Kitab 2021-ci ildə Bakıda çap olunub, 328 səhifədir və AMEA-nın Tarix İnstitutunun elmi şurasının tövsiyəsi ilə nəşr edilib. Kitabın elmi redaktoru tarix elmləri doktoru Tofiq Mustafazadə, rəyçiləri tarix elmləri doktoru Həcər Verdiyeva və tarix üzrə fəlsəfə doktoru Gültəkin Nəcəflidir.

Kitabda Ərdəbil sancağı, Xalxal və Urmiyə sancağı, Marağa sancağı, Xoy sancağının Xoy şəhəri, Maku sancağı, Təbriz sancağının Təbriz şəhəri, Gəncə-Qarabağ əyaləti, Naxçıvan sancağı, İrəvan əyaləti, Tiflis əyalətinə daxil olan bölgələrdə əhalinin etnik tərkibi haqqında geniş məlumat verilir. Eləcə də Ərdəbil, Sərab, Urmiyə, Marağa və Xoy, Maku, Təbriz, Qarabağ, Qaradağ, Naxçıvan, İrəvan, Şəki, Quba və Bakı xanlıqlarında XVIII əsrin sonlarına qədər Azərbaycan əhalisinin etnik tərkibi detallı şəkildə təhlil olunur və son dərəcə əhəmiyyətli statistik rəqəmlər elmi dövriyyəyə daxil edilir. XIX əsrdə Azərbaycanın etnik tərkibi ilə əlaqədar materiallar daha əhatəlidir. Burada Ərdəbil, Sərab, Urmiyə, Marağa, Xoy, Maku, Təbriz, Qaradağ, Qarabağ, Naxçıvan, İrəvan, Şəki, Balakən, İlisu, Quba, Bakı, Dərbənd, Gəncə, Şəmsəddin, Qazax, Borçalı, Şamaxı və Lənkəranda əhalinin etnik tərkibi təhlil olunur və haqqında zəngin məlumatlar verilir.
Belə bir böyük əhatəliliyi üzərinə götürmüş tədqiqatçı heç şübhəsiz ki, bir tərəfdən böyük bir təşəkkürü haqq edir. Digər tərəfdən də bizi tədqiqatın söykəndiyi mənbələrə diqqət etməyimizi tələb edir. Kitabın “mənbə və ədəbiyyat siyahısı”nda 320 ünvan göstərilir. İlk 88 mənbədə geniş əhatəli arxiv sənədləri öz əksini tapır. Burada xeyli rus mənbələri və bəzi tərcümələr də yerləşdirilib. 101-ci ədəbiyyatdan başlayaraq Azərbaycan dilli mənbələr öz əksini tapır. 166-dan sonra türk dilli mənbələr verilib. 189-dan sonra rus dilli mənbələr göstərilir. Bir ukrayna dilində, üç ingilis dilində, beş fransız dilində, iki alman dilində, doqquz fars dilində və bir erməni dilində mənbədən istifadə olunduğu göstərilir.
İstifadə olunan mənbələrin dərin və məzmunlu olması heç bir şübhə yaratmır. Tam ciddi və akademik əsərdir. Bu əsər nəinki Azərbaycan ictimai fikrində öz yerini tapacaq, eləcə də dünya tarixi tədqiqatlarında iz qoya biləcək bir kitabdır. Azərbaycan əhalisi və Azərbaycan ərazilərinə müxtəlif xalqların miqrasiyası mövzusu bir çox xarici tədqiqatçıların tez-tez müraciət etdikləri mövzulardır. Belə ki, kitab bir çox “mifoloji iddialara” konkret və statistik rəqəmlərlə cavab verir.
Yalnız bir sıra müqayisələrin edilməsi faydalı ola bilər. AMEA Tarix İnstitutunun bir sıra alimləri və müxtəlif tədqiqatçıların bu sahədə yazılmış elmi məqalələrinin ədəbiyyat siyahısında olması, tədqiqat zamanı istifadə edilməsi və ya diqqətdən kənarda qalması, haqlı və ya fərqli səbəblərdən tədqiqata cəlb edilməməsi hallarına diqqət yetirək.
Azərbaycan əhalisi və türk xalqları ilə əlaqədar çox sayda kitab və məqalələrin müəllifi olan və haqqında danışdığımız kitabın çap olunduğu zaman Tarix İnstitutuna rəhbərlik edən professor Kərim Şükürovun əsərlərini də kitabın ədəbiyyat siyahısında axtarırıq. Vikipediyada göstərilir ki, alimin “Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici.” (Bakı, 1994), “Türk xalqları XVI–XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)” (Bakı, 1997), “Azərbaycan tarixi. Üç hissədə”, I–II hissələr (Bakı, 1994–2004), “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)” (Bakı, 2004) və bu kimi bir çox digər tədqiqatları mövcuddur. Bu tədqiqatlar da yəqin ki, hər hansı bir elmi əhəmiyyət daşıyır. Belə olan halda araşdırdığımız kitabın ədəbiyyat siyahısında onları niyə görmürük? Bəlkə o əsərlərin əhəmiyyəti düşündüyümüz qədər də deyil və ya tədqiqatçı heç bu müəllifi tanımır? Bu düşüncələr məcbur edir ki, bir sıra mətnlər müqayisəli təhlil olunsun. Bir kitabın elmi əhəmiyyəti onu yazan şəxsin tutduğu inzibati mövqe ilə deyil, yazdığı əsərin elmi dərinliyi və cəmiyyətin sosial tələbinə verdiyi cavabla müəyyənləşir.
Azərbaycanda tarixi mövzularda çox sayda “nomenklatura məqsədli” yazılmış kitablar çap olunur və bunların böyük əksəriyyəti ictimai və kütləvi mütaliədən kənarda qalır. Kitabxanalarımızın fondunda da bu kimi çox sayda kitablar var və təəssüflə deməliyik ki, mütaliə məqsədi ilə kitab seçmək də xeyli çətinləşib.
Tarix kitablarına münasibətdə müəllif, zaman və sifarişçi amilləri əhəmiyyətlidir və bu da tarixi mətnin ilkin diaqnostikasını müəyyənləşdirir. Əsəri kim yazıb? Müəllifin şəxsiyyəti, ictimai mövqeyi, dünyagörüşü və hadisələrə münasibəti necədir? Əsər nə vaxt yazılıb? Müəllif təsvir etdiyi hadisələrin müasiri olub, yoxsa onları sonrakı dövrdə araşdırıb? Yazıldığı dövrün siyasi, ideoloji və elmi mühiti əsərə necə təsir göstərib? Əsər kimin sifarişi ilə yazılıb? Əsərin yaradılmasını hansı şəxs, dövlət, təşkilat və ya ictimai qurum dəstəkləyib? Belə bir sifariş və ya himayə ümumiyyətlə mövcud olubmu? Bu üç sual tarixi mətnin meydana gəlməsini şərtləndirən amilləri müəyyənləşdirməyə kömək edir. Eləcə də sifarişçinin mövcudluğu əsərin mütləq qərəzli olması demək deyil. Eyni zamanda, heç bir sifariş olmadan yazılmış kitab da müəllifin ideoloji baxışlarının, şəxsi maraqlarının və dövrün hakim təsəvvürlərinin təsirindən kənarda qalmaya bilər.
Bu üç suala müəyyən edilmiş cavablar kitab haqqında yekun hökm vermir, onun necə və hansı şəraitdə yarandığını anlamaq üçün ilkin çərçivə yaradır. Müəllif nəyi yazıb və nəyi yazmayıb? sualına veriləcək cavab da əhəmiyyətlidir. Burada oxucu və tədqiqatçı yalnız mətnin özündə olan məlumatları araşdırmamalıdır. O, həm də müəllifin seçimlərinə diqqət yetirməlidir. Məsələn: Müəllif hansı hadisələri tarixi baxımdan əhəmiyyətli hesab edir? Hansı şəxsləri qəhrəman, hansıları düşmən kimi təqdim edir? Hansı hadisələrin səbəblərini izah edir, hansılarının üzərindən səssizcə keçir? Hadisələrin iştirakçılarına eyni ölçülərlə yanaşırmı? Alternativ izahları təqdim edir, yoxsa oxucunu yalnız bir nəticəyə yönəldir? Faktlarla müəllifin şərhləri bir-birindən ayrılırmı? Tarixi mətnin məzmunu ilə yanaşı, onun susduğu məqamlar da tədqiqatçı üçün əhəmiyyətlidir. Bununla belə, müəllifin hansısa hadisədən bəhs etməməsi avtomatik olaraq həmin hadisəni gizlətmək niyyətinin sübutu deyil. Müəllifin məlumatları, istifadə etdiyi mənbələr, əsərin həcmi və qarşısına qoyduğu məqsəd də nəzərə alınmalıdır. Beləliklə, oxucu yalnız müəllifin dediklərini deyil, onun yaratdığı tarixi mənzərənin necə formalaşdığını da araşdırır.
Müəllifin məqsədi ilə onun yaratdığı tarixi mənzərə arasında mütləq əlaqə mövcuddur. Burada mühüm bir məntiqi ardıcıllıq müəyyən etmək olar: Müəllif, əsərin yaranma şəraiti, onun məqsədi, mövzu seçimi, şərh üsulu və nəticə olaraq formalaşdırılan tarixi mənzərə. Bu ardıcıllıq tarixi kitabı ayrı-ayrı faktların sadəcə toplusu kimi deyil, müəyyən məntiq əsasında qurulmuş bütöv bir informasiya məhsulu kimi nəzərdən keçirməyə imkan verir.
Tarixi kitab faydalıdır, yoxsa ziyanlıdır? sualı çox mübahisəli və eyni zamanda ən mühüm sualdır. Tarixi kitab sadəcə məlumat ötürmür. O, kollektiv yaddaşın formalaşmasına, cəmiyyətin öz keçmişini qavramasına, başqa xalqlara münasibətinə və hətta gələcək haqqında qərarlarına təsir göstərə bilər. Bununla belə, kitabın faydalılığını və ya ziyanlılığını müəyyənləşdirmək üçün bir-birindən fərqlənən üç meyarı nəzərə almağı olar.
Birinci meyar kitabın elmi etibarlılığıdır. Kitabın faktları nə dərəcədə dəqiqdir? Müəllif mənbələrə əsaslanırmı? İddiaları sübutlarla təsdiqlənirmi? Ziddiyyətli faktları nəzərə alırmı? İkinci meyar kitabın idrak prosesində dəyəridir. Kitab oxucuya tarixi hadisələri daha dərindən anlamağa kömək edirmi? Yeni suallar yaradırmı? Hadisələr arasındakı əlaqələri üzə çıxarırmı? Oxucunun əvvəlki təsəvvürlərini əsaslandırır, yoxsa onları yenidən nəzərdən keçirməyə imkan verir? Üçüncü meyar kitabın ictimai təsiridir. Kitabın yaydığı təsəvvürlər hansı ictimai nəticələr doğura bilər? O, tarixi təcrübənin daha dolğun anlaşılmasına kömək edir, yoxsa faktların təhrif edilməsi, kollektiv düşmən obrazlarının yaradılması və əsassız ümumiləşdirmələr vasitəsilə yanlış təsəvvürləri möhkəmləndirir?
Bu meyarlar tarix kitablarının qiymətləndirilməsində bir-birini tamamlayır və eyni deyillər. Məsələn, elmi baxımdan etibarlı bir kitab müəyyən oxucu üçün çətin və az faydalı ola bilər. Tarixi faktları dəqiq təqdim edən kitabda da müəllifin bəzi ümumiləşdirmələri mübahisəli ola bilər. Əksinə, oxucuya maraqlı görünən kitabın faktoloji əsası zəif ola bilər.
Cəmiyyət keçmiş haqqında bilikləri necə seçir, onu “şəkilləndirir”, şərh edir və kollektiv yaddaşa çevirir? Bu sualın əhəmiyyəti ondadır ki, cəmiyyətin tarixi yaddaşı keçmişdə baş vermiş hadisələrin mexaniki surəti deyil. O, tarixi mənbələrin qorunması, seçilməsi, şərhi, tədrisi və ictimai dövriyyəyə daxil edilməsi prosesində formalaşır. Burada kitab müəllifi həmin prosesin yalnız bir iştirakçısıdır. Tarixi biliklərin formalaşmasına arxivlər, kitabxanalar, universitetlər, nəşriyyatlar, təhsil sistemi, media və dövlətin yaddaş siyasəti də təsir göstərir. Beləliklə, irəli sürülən üç ilkin sual daha geniş bir tədqiqat metodunun başlanğıcı ola bilər.
Belə bir ardıcıllıq sadəcə oxucunun kitabı daha diqqətlə oxuması üçün tövsiyə edilmir. O, tarixi mətnlərin sistemli təhlili üçün metodoloji çərçivə ola bilər. Bununla belə, bu yanaşma tamamilə yeni elmi metod kimi deyil, tarixşünaslıq, mənbəşünaslıq və tənqidi mətn təhlilinin elementlərini birləşdirən, özünəməxsus ardıcıllığı olan konseptual model kimi təqdim edilir. Onun elmi yeniliyi isə mövcud yanaşmalardan hansı xüsusiyyətləri ilə fərqləndiyinin ayrıca əsaslandırılmasından asılıdır.
Tarixi kitabı anlamaq üçün yalnız onun nə dediyini bilmək kifayət etmir, onun niyə, hansı şəraitdə, hansı mənbələr əsasında və hansı tarixi təsəvvürü formalaşdırmaqla yazıldığını da araşdırmaq lazımdır. Kitabın müəllifini və yaranma şəraitini araşdırmaqla kifayətlənmək olmaz. Müəllifin niyyəti, mətnin faktiki məzmunu və əsərin oxucuda yarada biləcəyi təsəvvürlər arasında fərq ola bilər. Buna görə də müəllifin niyyətini əvvəlcədən fərz etmək əvəzinə, onu mətnin və tarixi kontekstin təhlili vasitəsilə müəyyənləşdirmək lazımdır.
Tarixi kitabın təhlili müəllifin, əsərin yaranma şəraitinin və məqsədinin müəyyənləşdirilməsindən başlayır, məzmunun, faktların seçilməsinin və şərh üsulunun təhlili ilə davam edir. Əsərin yaratdığı tarixi təsəvvürün, elmi etibarlılığının, idrak dəyərinin və mümkün ictimai nəticələrinin qiymətləndirilməsi ilə tamamlanır. Bu zaman oxucu tarixi kitabın passiv istehlakçısından tarixi biliyin tənqidi qiymətləndiricisinə çevrilir. Tənqidi təhlilin məqsədi müəllifin haqlı və ya haqsız olduğunu əvvəlcədən müəyyənləşdirmək deyil, onun yaratdığı tarixi mənzərənin hansı əsaslarla qurulduğunu üzə çıxarmaqdır. Yalnız bundan sonra kitabın elmi və ictimai dəyəri haqqında əsaslandırılmış nəticəyə gəlmək mümkündür.
İrəli sürülən konsepsiyadan çıxış edərək tarixçi-alim İradə Məmmədovanın “XVIII-XIX əsrin əvvəllərində Azərbaycanda əhalinin etnik tərkibi” adlı kitabını təhlil etməyə çalışdıq. Kitabda toplanılmış statistik rəqəmlər ciddi etno-mədəni diaqnostika üçün qiymətli materiallar verir. Hər hansı qərəzli və subyektiv qiymətləndirmələrlə rastlaşmadıq. Yeganə təəssüf yaradacaq bir amil ondan ibarət idi ki, belə faktoqrafik kitablar 30-40 il əvvəl nə üçün yazılmayıb? sualıdır. Eləcə də kitabın elektron versiyasını əldə edə bilmədiyimizə görə də onun tapılması və təhlilinə xeyli zaman məsrəf etdik. Bu kimi kitabların elektron versiyasının mövcud olması onun rəqəmsal məkanda sürətli dövriyyəsini təmin edən başlıca amildir. E-nüsxənin olması eləcə də xarici opponentlər və tədqiqatçılar üçün də onun əlçatan olması deməkdir.
Təqdim olunan kitab diaqnostik təhlildən uğurla çıxdı. Müəllif 2012-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülmüş bir alimdir. Bir çox kitab və məqalələrin müəllifidir. Odur ki, tarixçi-alim İradə Məmmədovanın “XVIII-XIX əsrin əvvəllərində Azərbaycanda əhalinin etnik tərkibi” adlı kitabını tarix həvəskarlarına, tədqiqatçılara tövsiyə edirik. Bu kitabın ingilis dilinə tərcümə edilərək beynəlxalq elmi dövriyyəyə daxil olması çox əhəmiyyətlidir.
18:23 03.10.2026
Oxunuş sayı: 151