Cadugərlikdə şübhəli bilinən cütlük diri-diri yandırılıb
Meksikanın Çiapas ştatında yerli sakinlər cadugərlikdə şübhəli bildikləri kişi və qadını bir neçə saat döydükdən sonra üzərlərinə yanacaq tökərək yandırıblar.
Crossmedia.az xəbər verir ki, “Need to Know” bu barədə məlumat yayıb.
Hadisə yerli xalqların yaşadığı Las-Tasitas yaşayış məntəqəsində baş verib. Məlumata görə, qurbanlardan olan kişi müalicəçiliklə məşğul olub. Hadisənin motivlərini hazırda polis araşdırır.
Versiyalardan birinə görə, kişi bir neçə yerli sakinə müalicə məqsədilə yardım edib. Bundan qısa müddət sonra həmin şəxslərin xəstələnməsi onun və sevgilisinin cadugərlikdə ittiham olunmasına səbəb olub.
Digər versiyaya görə isə icma üzvlərindən birinin ölümündən sonra məsuliyyət kişinin üzərinə qoyulub və o, “cadugər” kimi günahlandırılıb.
Bundan sonra bir qrup şəxs cütlüyə qarşı zorakılıq törədib. Onların bir neçə saat ərzində qapalı məkanda saxlanıldığı və ağır şəkildə döyüldüyü bildirilir. Daha sonra cütlüyün üzərinə yanacaq tökülərək yandırılıb.
Hadisə yerindən yayılan görüntülərdə insanların alov içində qışqıran kişi və qadına baxdığı görünür. Şahidlərin onları xilas etməyə və alovu söndürməyə cəhd etmədiyi, bəzilərinin isə baş verənləri mobil telefonla lentə aldığı bildirilir.
Hazırda polis hadisədə iştirak edən şəxsləri müəyyənləşdirir. Hücumun motivləri və cinayətin bütün təfərrüatları ilə bağlı araşdırma davam edir.
10:58 01.10.2026
Oxunuş sayı: 40