“Şəhərsalma və Memarlıq İli” nə MEK-dən növbəti töhfə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycanda memarlıq və şəhərsalma” adlı biblioqrafiya işıq üzü görüb.
AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən hazırlanan biblioqrafiyaya Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı daxil edilib.
Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Tərtibçi Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə MEK-in Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.
“Şəhərsalma və Memarlıq İli”nin nəşri olan biblioqrafiyada ədəbiyyat xronoloji ardıcıllıqla və əlifba prinsipi əsasında təqdim edilib. Tədqiqatçıların mövzü üzrə axtarışını asanlaşdırmaq məqsədilə kitabın sonunda köməkçi göstərici verilib. Azərbaycan, ingilis və rus dillərində monoqrafiya, dərslik, dissertasiya, avtoreferat, dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələrin biblioqrafiyasının yer aldığı nəşr "Elm" nəşriyyatında çap edilib.
Biblioqrafiyadan memarlıq və şəhərsalma üzrə tədqiqat aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də tarix, mədəni irs və memarlıqla maraqlanan oxucular faydalana bilərlər.
Nəşrin elektron formatı ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
16:50 14.09.2026
Oxunuş sayı: 39