Rusiya böyük itkilərlə Ukraynanın cəmi 2 faizini ələ keçirib
Crossmedia.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynada ərazi əldə etmək üçün ciddi hərbi itkilərə məruz qaldığını bildirib.
Məlumata görə, Rusiya ordusunun irəliləyişi yüksək itkilər fonunda olduqca məhdud xarakter daşıyır. 2026-cı ildə Rusiya qüvvələrinin hücumları əsasən kiçik taktiki irəliləyişlərlə müşayiət olunur.
Britaniyanın qiymətləndirməsinə əsasən, Rusiya Ukrayna ərazisinin təxminən 2 faizini ələ keçirmək üçün böyük sayda hərbçi itkisi verib. Rusiya qüvvələrinin irəliləyişinin sürəti də əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib.
ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) iyul ayında yaydığı təhlilə görə, Rusiya ordusunun 2022-ci ilin fevralından 2026-cı ilin iyununa qədər Ukraynada 1,4 milyon döyüş itkisi verdiyi, ölənlərin sayının isə 450 minə çata biləcəyi bildirilir.
Eyni təhlildə Rusiya qüvvələrinin 2026-cı ilin yazında bəzi istiqamətlərdə ələ keçirdiyindən daha çox ərazini itirdiyi və hücumların orta sürətinin bəzi cəbhə istiqamətlərində gündə 50-90 metrə qədər gerilədiyi qeyd olunub.
Avqust ayı üzrə məlumatlarda da Rusiya ordusunun yüksək itkilər müqabilində məhdud ərazi qazancı əldə etdiyi göstərilir. Müharibənin son mərhələsində müdafiə xətlərinin, minalanmış ərazilərin və pilotsuz uçuş aparatlarının geniş istifadəsi hücum edən tərəfin sürətli irəliləyişini çətinləşdirir.
09:17 12.09.2026
Oxunuş sayı: 46