ICESCO-nun növbədənkənar sessiyasında təşkilatın maliyyə sabitliyi və borcların tənzimlənməsi müzakirə olunub
Sentyabrın 10-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Baş konfransının onlayn formatda 4-cü növbədənkənar sessiyası keçirilib. Sessiyada Azərbaycanın mədəniyyət naziri, ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Adil Kərimli iştirak edib.
Mədəniyyət Nazirliyindən Crossmedia.az'a bildirilib ki, sessiyada ICESCO-nun mövcud maliyyə vəziyyəti, təşkilatın fəaliyyətinin davamlılığının təmin edilməsi, eləcə də təxirəsalınmaz maliyyə və inzibati tədbirlər müzakirə olunub.
Baş Direktorluğun hesabatında bir sıra üzv dövlətlərin 2025–2026-cı illər üzrə üzvlük haqlarını ödəməməsi, eləcə də əvvəlki dövrlərdən qalan borcların təşkilatın maliyyə imkanlarına təsiri barədə məlumat verilib.
İclasda, həmçinin üzvlük haqlarının ödənilməsi və mövcud borcların tənzimlənməsi yolu ilə ICESCO-nun fəaliyyətinin davamlılığının təmin edilməsinə dair fövqəladə plan nəzərdən keçirilib. Sənəddə 2026–2029-cu illər üzrə Strateji Planın icrası, gəlirlərin artırılması, maliyyə axınlarının sabitliyinin gücləndirilməsi, habelə monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Müzakirələr zamanı üzv dövlətlərin maliyyə öhdəliklərini vaxtında yerinə yetirməsinin, təşkilatın proqram və layihələrinin davamlı icrasının, eləcə də ICESCO-nun institusional dayanıqlığının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Fövqəladə plana əsasən, üzv dövlətlərin cari üzvlük haqlarını 2026-cı il oktyabrın 31-dək ödəməsi, əvvəlki dövrlərdən yaranmış borcların isə razılaşdırılmış qrafik əsasında 2028-ci il dekabrın 31-dək tənzimlənməsi nəzərdə tutulur.
Sessiyanın sonunda ICESCO-nun maliyyə sabitliyinin gücləndirilməsi və fəaliyyətinin davamlılığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
16:53 10.09.2026
Oxunuş sayı: 43