Rusiyada bir gecədə Ukraynanın 448 PUA-sı vuruldu
Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkənin müxtəlif əraziləri üzərində 448 Ukrayna pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Gazeta.Ru” bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, hava hücumunun qarşısının alınması sentyabrın 9-da saat 20:00-dan sentyabrın 10-da saat 08:00-dək davam edib.
PUA-ların bir hissəsi Tula, Astraxan, Rostov, Belqorod, Oryol, Volqoqrad, Kursk, Bryansk, Voronej və Kaluqa vilayətləri üzərində vurulub.
Digər pilotsuz aparatların Dağıstan, Krasnodar diyarı, Kalmıkiya və Krım üzərində məhv edildiyi bildirilib. Bundan əlavə, Qara və Xəzər dənizlərinin akvatoriyası üzərində də PUA-ların zərərsizləşdirildiyi qeyd olunub.
Rusiya Müdafiə Nazirliyi hücum nəticəsində mümkün dağıntı və itkilərlə bağlı məlumat verməyib.
09:32 10.09.2026
Oxunuş sayı: 70