Google Finlandiyada nüvə enerjisinin yarısını alacaq
“Google” Finlandiyada süni intellekt infrastrukturuna 13 milyard avroluq investisiya çərçivəsində ölkədəki nüvə elektrik stansiyalarından birinin istehsal etdiyi enerjinin yarısına qədərini almağa razılaşıb.
Crossmedia.az xəbər verir ki, “Google” bu barədə məlumat yayıb.
ABŞ texnologiya şirkəti bildirib ki, rekord həcmli investisiya üç yeni məlumat mərkəzinin tikintisinə, mövcud mərkəzin genişləndirilməsinə və süni intellekt xidmətlərinə artan tələbatı qarşılamaq üçün enerji layihələrinin dəstəklənməsinə yönəldiləcək.
“Google” bu investisiyanın şirkətin Avropada indiyədək etdiyi ən böyük tək investisiya olduğunu açıqlayıb.
Razılaşma çərçivəsində şirkət Finlandiyanın “Fortum” enerji şirkəti ilə 22 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Google” Loviisa Atom Elektrik Stansiyasının istehsal etdiyi enerjinin 50 faizinə qədərini satın alacaq.
Finlandiyanın Baş naziri Petteri Orpo isə “Google”ın qərarının ölkənin üstünlüklərini təsdiqlədiyini bildirib.
Qeyd edək ki, bu həftənin əvvəlində “TikTok” da Finlandiyanın Kouvola şəhərində yeni məlumat mərkəzi inşa etmək üçün 1 milyard dollar investisiya qoyacağını açıqlayıb. Şirkət qərarında Finlandiyanın rəqəmsal infrastrukturu, təmiz enerji imkanları, məlumatların idarə olunması sistemi və ixtisaslı texnologiya mütəxəssislərinin mövcudluğunu əsas gətirib.
07:26 10.09.2026
Oxunuş sayı: 38