Dövlətlər süni intellektə qarşı hərəkətə keçdi
Superintellektual süni intellektin hazırlanması ilə bağlı təhlükəsizlik narahatlıqları getdikcə artır. İnsan imkanlarını üstələyə biləcək sistemlərin nəzarətdən çıxması ciddi risklər yarada bilər. Bu səbəbdən belə texnologiyaların hazırlanmasına tam qadağa qoyulması təklifləri də gündəmə gəlir. Lakin qadağanın tətbiqi ilə bağlı ciddi suallar mövcuddur. İlk növbədə, hansı süni intellekt sisteminin “superintellekt” hesab ediləcəyi dəqiq müəyyənləşdirilməlidir. Digər tərəfdən, texnologiyanın qlobal xarakter daşıması bir ölkənin tətbiq etdiyi qadağanın digər dövlətlərdəki araşdırmaları dayandırmayacağını göstərir. Bu baxımdan əsas məsələ süni intellektin inkişafını tam dayandırmaqdan çox, onun üçün beynəlxalq və hüquqi baxımdan məcburi təhlükəsizlik sərhədlərinin müəyyən edilməsidir.
Mövzu ilə bağlı İKT eksperti Vüsal Məmmədzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, superintellektual süni intellektə tam qadağa qoyulması ilk baxışdan məntiqli görünsə də, daha effektiv yanaşma nəzarətli inkişaf modelinin tətbiqidir:
“Superintellektual süni intellektin hazırlanmasına tam qadağa qoyulması ilk baxışdan təhlükəsizlik baxımından məntiqli yanaşma kimi görünə bilər. Xüsusilə insan nəzarətindən çıxa biləcək sistemlərlə bağlı risklər nəzərə alındıqda, bu istiqamətdə ABŞ və Britaniyada müzakirələrin aparılması başadüşüləndir. Lakin burada əsas problem “superintellekt” anlayışının konkret texniki sərhədlərinin müəyyən edilməsidir. Hansı imkanlara malik sistemin artıq superintellekt hesab olunacağı dəqiq müəyyənləşdirilmədən ümumi qadağanın həm tətbiqi, həm də ona nəzarət kifayət qədər çətin olacaq.
Digər tərəfdən, bu texnologiyanın qlobal xarakterini nəzərə almaq lazımdır. Bir və ya bir neçə ölkənin inkişafı dayandırması digər dövlətlərin, şirkətlərin və ya tədqiqat mərkəzlərinin eyni istiqamətdə fəaliyyətini avtomatik dayandırmır. Buna görə daha effektiv yanaşma qabaqcıl süni intellekt sistemləri üçün beynəlxalq səviyyədə razılaşdırılmış təhlükəsizlik standartlarının yaradılmasıdır. Modellərin istifadəyə verilməzdən əvvəl müstəqil sınaqlardan keçirilməsi, təhlükəli imkanlarının qiymətləndirilməsi, kiber və bioloji risklərin yoxlanılması, insidentlərin bildirilməsi və yüksək risk həddində inkişafın dayandırılması kimi tələblər burada əsas mexanizmlər ola bilər.
Bu səbəbdən məsələni yalnız “qadağan etmək və ya etməmək” seçimi ilə məhdudlaşdırmaq doğru olmazdı. Daha məqsədəuyğun model süni intellektin imkanları artdıqca nəzarət və təhlükəsizlik tələblərinin də sərtləşdirilməsidir. Sistem əvvəlcədən müəyyən edilmiş kritik təhlükəsizlik hədlərini keçirsə və onun üzərində insan nəzarətinin təmin olunduğunu sübut etmək mümkün olmasa, həmin mərhələdə inkişafın və ya istifadəyə verilmənin dayandırılması artıq əsaslandırılmış tədbir sayıla bilər. Yəni əsas məqsəd texnoloji inkişafı bütövlükdə dayandırmaq deyil, insan nəzarətinin itirilə biləcəyi nöqtədən əvvəl aydın və hüquqi cəhətdən məcburi “qırmızı xətlər” müəyyən etmək olmalıdır”.
Zeynəb Həsən
10:00 10.09.2026
Oxunuş sayı: 45