Sahibə Qafarova: Azərbaycan innovasiyaların təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirir
Azərbaycanın innovasiyaların təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Kolumbiya Universitetində "Qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi: Parlament, davamlı inkişaf və Azərbaycanın iqlim gündəliyi" mövzusunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın dayanıqlı inkişaf siyasətinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı, təhsil və innovasiyaların təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirir:
"Dayanıqlı İnkişaf Məqsədləri (DİM) qlobal xarakter daşısa da, onların reallaşdırılması, ilk növbədə, milli səviyyədə həyata keçirilən siyasətdən, qanunvericilikdən və konkret layihələrdən asılıdır. Parlamentlərin qanunvericilik, büdcə və nəzarət funksiyaları Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün əlverişli hüquqi və institusional çərçivənin formalaşdırılmasına imkan yaradır. Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi çərçivəsində iqlim hədəflərinə uyğun olaraq 2035-ci ilədək istixana qazı emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaltmağı nəzərdə tutur".
Sahibə Qafarova parlamentlərin bu prosesdəki rolu barədə danışaraq deyib ki, beynəlxalq sazişlər prosesin sonu deyil, yalnız başlanğıcıdır:
"Hökumətlər beynəlxalq danışıqlar aparsa da, qəbul edilən qərarlar daxildə fəaliyyət tələb edir. Bu baxımdan, parlamentlərin qanunvericilik, büdcə təhlili və nəzarət funksiyaları ictimai resursların səmərəli istifadəsini təmin etməkdə həlledici əhəmiyyət daşıyır. Azərbaycanın təmiz enerjiyə keçidi və iqtisadi şaxələndirilməsi davamlı investisiya, güclü insan kapitalı və innovasiya tələb edir. Bu transformasiyanı həyata keçirmək üçün hökumət, biznes, universitetlər və vətəndaş cəmiyyəti güclərini birləşdirməlidir".
11:16 09.09.2026
Oxunuş sayı: 47