Neftin qiyməti 120 dollara çata bilər
Qlobal enerji bazarında neftin qiyməti yenidən əsas müzakirə mövzularından birinə çevrilib. ABŞ və İran arasında artan gərginlik, Hörmüz boğazı ətrafında təhlükəsizliklə bağlı risklər və bölgədə mümkün hərbi eskalasiya neft bazarında qeyri-müəyyənliyi artırır. Analitiklər hesab edirlər ki, gərginliyin daha da dərinləşməsi qlobal neft təchizatına ciddi təsir göstərə bilər. Xüsusilə Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidinin məhdudlaşması dünya bazarında qiymətlərin kəskin yüksəlməsi ilə nəticələnə bilər. Bu fonda bir sıra beynəlxalq maliyyə qurumlarının neftin qiyməti ilə bağlı proqnozları da diqqət çəkir. Mümkün ssenarilərdən birində neftin bir barelinin qiymətinin 120 dollara qədər yüksələ biləcəyi bildirilir. Qiymət artımı neft ixrac edən ölkələrin gəlirlərini artırsa da, digər tərəfdən qlobal inflyasiyanın güclənməsinə və idxal olunan məhsulların bahalaşmasına səbəb ola bilər.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, neftin 120 dollara qədər yüksəlməsi müəyyən şərtlər daxilində kifayət qədər real ssenari hesab oluna bilər:
“Neftin bir barelinin qiymətinin 120 dollara qədər yüksəlməsi ilə bağlı proqnozu, səhv etmirəmsə, “JPMorgan” verib. Bu barədə son günlər Qərb mətbuatında da məlumatlar yayılıb.
Bu proqnoz müəyyən ssenari əsasında irəli sürülür. Əgər ABŞ İranın neft tankerlərinə zərbə endirərsə, İran da Hörmüz boğazından keçən tankerlərə qarşı analoji addımlar atarsa, yəni münaqişə daha da genişlənərsə, neftin qiymətinin ciddi şəkildə yüksəlməsi mümkündür.
Bu ssenarini kifayət qədər real hesab edirəm. Əgər Hörmüz boğazı ətrafında gərginlik davam edərsə, ABŞ və İran vəziyyətin sabitləşdirilməsi və boğazda təhlükəsiz keçidin təmin olunması istiqamətində addımlar atmasalar, neftin qiyməti ciddi şəkildə arta bilər. Bu baxımdan, bir barel neftin qiymətinin 120 dollara çatması real ssenari kimi qiymətləndirilə bilər.
Hazırkı qiymətlər də bu göstəricidən o qədər uzaq deyil. Neftin qiyməti bir müddət əvvəl təxminən 75 dollar səviyyəsinə qədər düşmüşdü. Lakin ABŞ və İran arasında münasibətlərin yenidən gərginləşməsi, sülh danışıqlarının dayanması və Hörmüz boğazı ətrafında yaranan gərginlik qiymətlərin yenidən yüksəlməsinə səbəb oldu.
Bununla belə, vəziyyət çox sürətlə dəyişə bilər. Tərəflərin yenidən danışıqlara başlaması və Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilə bağlı razılaşmaların əldə edilməsi neft qiymətlərinə təsir göstərə bilər. Belə olan halda, qiymət artımı ilə bağlı mövcud proqnozlar da dəyişə bilər.

Bu proses neft ixrac edən ölkələrin iqtisadiyyatına da ciddi təsir göstərə bilər. Bir tərəfdən, neftin qiymətinin artması ixracatçı ölkələrin gəlirlərinin yüksəlməsinə səbəb olur. Digər tərəfdən isə bahalaşma qlobal inflyasiyanın artmasına və idxal inflyasiyasının güclənməsinə gətirib çıxara bilər.
Neft ixrac edən ölkələrin gəlirləri artsa da, həmin ölkələr müxtəlif məhsul və xidmətləri xaricdən idxal edirlər. Qlobal qiymətlərin yüksəlməsi nəticəsində idxal olunan məhsulların dəyəri artır və bu, daxili bazarda bahalaşmaya səbəb olur.
Məsələn, Azərbaycanda bahalaşmanın müəyyən hissəsi də qlobal enerji qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilə bilər. Dövlətin neftdən əldə etdiyi gəlirlər artsa da, ölkəyə idxal olunan məhsulların qiymətinin yüksəlməsi əhalinin sosial yükünün artmasına səbəb olur. Bu baxımdan, neft qiymətlərinin yüksəlməsi neft ixrac edən ölkələrə ikitərəfli təsir göstərir”.
Zeynəb Həsən
15:35 08.09.2026
Oxunuş sayı: 45