Çin Rusiyanın “böyük qardaşıdır”? Lavrovdan cavab
Rusiya özünü Çin qarşısında “kiçik qardaş” kimi görmür.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə Çin arasında münasibətlərdə tərəflərdən birinin digərindən üstün olduğu barədə yanaşma yoxdur.
“Bizdə heç vaxt belə hiss yaranmır. Çinlilərdə də bu hiss yaranmayıb. SSRİ Çinin sənayeləşməsinə və dövlətin bir çox fundamental funksiyalarının təmin edilməsinə böyük töhfə verib. Biz bir-birimizi zənginləşdiririk. Bu, kiçik qardaş münasibətindən əsas fərqdir”, – Lavrov deyib.
Nazirin sözlərinə görə, Çinin nüvə sənayesinin formalaşmasında Rusiyanın həlledici töhfəsi olub. O qeyd edib ki, nəzəri və tətbiqi sahələrdə isə Pekin hazırda dünyada aparıcı mövqelərdən birini tutur.
Lavrov Rusiya və Çinin dünyanın iki böyük ölkəsi olduğunu və bir-biri ilə qonşu yaşadığını vurğulayıb.
Qeyd edək ki, Lavrov daha əvvəl Qərbi obyektiv üstünlük imkanını itirmiş “yaralı vəhşi”yə bənzədib. Onun sözlərinə görə, Qərb ölkələri öz güclərini nümayiş etdirməyə çalışır, lakin bunu “qeyri-dürüst üsullarla” həyata keçirirlər.
11:21 08.09.2026
Oxunuş sayı: 57