Topkapının 6 qədim səccadəsi bərpa edildi
İstanbulda Topkapı Sarayına məxsus XVI əsrə aid 6 səccadənin konservasiya işləri tamamlanıb. Crossmedia.az xəbər verir ki, Anadolu Ajansı bu barədə məlumat yayıb.
İşlər Beşiktaşdakı Yıldız Şale kompleksində fəaliyyət göstərən Milli Saraylar Xalça Bərpası və Konservasiyası Emalatxanasında aparılıb.
Milli Saraylar Başçılığı Xalça Bərpası Emalatxanasının xalça təmiri ustası Sadi Öztürk bildirib ki, 8 nəfərlik heyət Milli Saraylar tabeliyindəki saray, köşk və qəsrlərdə qorunan əl toxuması tarixi xalçaların bərpası və konservasiyası ilə məşğuldur.
Öztürkün sözlərinə görə, konservasiya edilən 6 səccadədən 3-ü XVI əsrdə Səfəvi torpaqlarında toxunaraq saraya hədiyyə edilib.
Bu əsərlərin üzərində Qurani-Kərimdən ayələr və dini ifadələr yer alır. Səccadələrdə “Bəqərə”, “Nur” və “Fəth” surələrindən ayələr, “Əli” adı, şiə şəhadəti və Kəlmeyi-Tövhid kimi ifadələrə rast gəlinir.
Ustanın sözlərinə görə, Səfəvi dövrünə aid səccadələr yüksək keyfiyyətli işçiliyi, toxunuşu və rəngləri ilə seçilir. Zərif quruluşlarına baxmayaraq, əsərlərin bu günədək qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır.
Səccadələrdən biri XVI əsrdə Bergamada toxunub. “Açar deşikli səccadə” kimi tanınan bu nümunənin motivlərindən İntibah dövründə bir sıra rəssamların əsərlərində istifadə etdiyi bildirilib.
Səccadələr sərgiyə hazırlanır
Topkapı Sarayına məxsus 6 səccadənin konservasiya işləri başa çatdıqdan sonra onlar sərgilənmək üçün xüsusi panellərə bərkidilib.
Əsərlər arasında 2 ipək xalça da var. Onların Yıldız Sarayında nümayiş etdirilməsi planlaşdırılır. Konservasiya işləri tamamlanan 6 səccadə isə Topkapı Sarayında sərgilənmək üçün panellərə tikilib.
Əsərlərin nümayiş prosesi muzey işləri çərçivəsində həyata keçiriləcək. Səccadələrin aid olduqları məkanlara qaytarılaraq uyğun hesab edilən yerlərdə sərgilənəcəyi bildirilib.
Konservasiya zamanı əsər tamamlanmır
Sadi Öztürk qeyd edib ki, tarixi toxumalar emalatxanaya gətirildikdən sonra əvvəlcə onların vəziyyəti müəyyənləşdirilir. Bundan sonra əsərin durumundan asılı olaraq konservasiya və ya bərpa üsulundan istifadə edilir.
O bildirib ki, möhkəmliyi və davamlılığı aşağı olan əsərlərə konservasiya tətbiq olunur. Bu zaman əsərə əlavə hissələr artırılmır, mövcud material olduğu kimi qorunur.
07:35 08.09.2026
Oxunuş sayı: 43