Rusiya üçün YENİ ZƏRBƏ: Ukrayna dron bazasını vurdu
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisindəki üç neft emalı zavoduna, pilotsuz uçuş aparatlarının saxlanılması və buraxılması obyektinə, həmçinin Qara dənizdəki bir hədəfə zərbələr endirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə sosial şəbəkələrdə paylaşım edib.
Zelenskinin sözlərinə görə, Rusiya ərazisində Ryazan vilayətindəki neft emalı zavodu, Perm diyarı və Tatarıstandakı neft emalı müəssisələri hədəfə alınıb.
Bundan başqa, Kursk vilayətində zərbə PUA-larının saxlanılması və buraxılması məntəqəsinə, eləcə də Qara dənizin akvatoriyasında yerləşən bir hədəfə zərbə endirildiyi bildirilib. Zelenski sonuncu hədəfin konkret olaraq hansı obyekt olduğunu açıqlamayıb.
Ukrayna Prezidenti hücumların Rusiya tərəfindən Ukraynaya endirilən zərbələrə cavab xarakteri daşıdığını bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 7-də gecə saatlarında yüzlərlə Ukrayna PUA-sının ələ keçirildiyini və ya məhv edildiyini açıqlayıb. Rusiya tərəfi isə Zelenskinin qeyd etdiyi bütün obyektlərə zərbələr endirilməsi barədə ayrıca təsdiq verməyib.
17:16 07.09.2026
Oxunuş sayı: 61