General pasportunu təhvil verdi
Sovet İttifaqı və Ermənistanın general-leytenantı Norat Ter-Qriqoryants Ermənistan pasportunu təhvil verdiyini və bundan sonra ölkəyə qayıtmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “İravunk” bu barədə məlumat yayıb.
Ter-Qriqoryants bildirib ki, Ermənistanın konsulluğuna gedərək pasportunu təhvil verib. Onun sözlərinə görə, bundan sonra Ermənistan Prezident Administrasiyasından ona vətəndaşlıqdan məhrum edildiyi barədə mesaj daxil olub.
General bu qərarını Ermənistanın hazırkı hakimiyyətinin siyasəti ilə razılaşmaması ilə izah edib. O, ölkədə hakimiyyətə gələn şəxsləri kəskin şəkildə tənqid edib və onların Ermənistan xalqına münasibətdə yanlış siyasət apardığını iddia edib.
Norat Ter-Qriqoryants 1990-cı illərdə Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışıb. O, Ermənistan Silahlı Qüvvələrinin formalaşmasında iştirak edən şəxslərdən biri və ölkədə Rusiya hərbi mövcudluğunun yaradılması ideyasının müəlliflərindən biri kimi təqdim olunur. Hazırda Rusiyada yaşayır.
General açıqlamasında Ermənistanı bir daha ziyarət etməyəcəyini də bildirib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2026-cı ildən vətəndaşlığın dayandırılması ilə bağlı müraciətlər elektron sistem vasitəsilə təqdim edilir. Nazirliyin rəsmi məlumatında isə yalnız pasportun təhvil verilməsinin avtomatik olaraq Ermənistan vətəndaşlığının itirilməsi anlamına gəlmədiyi bildirilir.
16:35 07.09.2026
Oxunuş sayı: 66