Rusiya banklarında əmanət faizləri artıb
Rusiyanın iri banklarında 2026-cı ilin yayında bir ilədək müddətə olan əmanətlər üzrə orta faiz dərəcələri artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” “Finuslugi” maliyyə marketpleysinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, mayın 29-dan sentyabrın 2-dək Rusiyanın kapitallaşma həcminə görə ən böyük 20 bankında bir ilədək müddətə olan əmanətlər üzrə orta faizlər 0,14-0,55 faiz bəndi yüksəlib. Ekspertlər bu kateqoriyanın faiz artımının qeydə alındığı yeganə əmanət qrupu olduğunu bildiriblər
İki il və daha uzun müddətli əmanətlər üzrə orta faizlər isə ya əvvəlki səviyyədə qalıb, ya da azalıb.
Qısamüddətli əmanətlərdə artım daha nəzərəçarpan olub. Belə ki, ilk 20 bankdan 12-si üç aylıq əmanətlər üzrə faizləri artırıb. Artım bəzi banklarda 5,5 faiz bəndinədək olub.
Digər 11 maliyyə təşkilatında da qısamüddətli depozitlər üzrə gəlirlilik yüksəlib. Bu seqmentdə artım 1,14 faiz bəndinədək təşkil edib. Birillik əmanətlər üzrə isə altı bank faiz dərəcələrini artırıb və artım 1,9 faiz bəndinədək olub.
Bu tendensiya Rusiyanın Mərkəzi Bankının pul-kredit siyasətini uzun müddətdir yumşaltması və əsas faiz dərəcəsinin aşağı düşməsi fonunda baş verir.
Prezident yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının baş elmi işçisi Vladimir Yeremkin hesab edir ki, bankların qısamüddətli əmanətlər üzrə faizləri artırmasının əsas səbəblərindən biri müştərilərin vəsaitlərinin kütləvi şəkildə geri çəkilməsi riskindən qorunmaq istəyidir.
Onun sözlərinə görə, əmanətlər üzrə faizlərin sürətlə aşağı salınması bankların kreditləşməni maliyyələşdirməsində çətinliklər yarada bilər. Kreditləşmə isə maliyyə təşkilatlarının əsas gəlir mənbələrindən biridir.
16:09 07.09.2026
Oxunuş sayı: 61