Qloriya Staynem 92 yaşında vəfat edib
ABŞ feminist hərəkatının ən nüfuzlu simalarından biri, yazıçı, jurnalist və ictimai fəal Qloriya Staynem 2 sentyabr 2026-cı ildə 92 yaşında vəfat edib. Ölüm xəbərini onun fondu ertəsi gün Instagram hesabında açıqlayıb. Staynem Nyu-Yorkdakı evində, yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.
Qloriya Mari Staynem 25 mart 1934-cü ildə Ohayo ştatının Toledo şəhərində anadan olub. Atası antika satıcısı olduğundan ailə tez-tez treylerdə ölkəni dolaşırdı. Nəticədə o, 12 yaşına qədər müntəzəm məktəbə getməyib. Valideynləri boşandıqdan sonra ruhi xəstəlikdən əziyyət çəkən anasına qulluq etməli olub. Bu ağır uşaqlıq illəri sonralar onun qadınların müstəqilliyi və seçim azadlığı uğrunda mübarizəsinin əsas motivlərindən birinə çevrilib.
Smith Kollecini 1956-cı ildə bitirən Staynem Çester Bouls təqaüdü ilə Hindistanda iki il keçirib. Orada qeyri-zorakı müqavimət hərəkatları ilə tanış olub və bu təcrübə onun dünya görüşünü dərinləşdirib. 1960-cı illərin əvvəllərində Nyu-Yorka köçərək frilans jurnalist kimi fəaliyyətə başlayıb. 1963-cü ildə Show jurnalı üçün “I Was a Playboy Bunny” adlı undercover reportajı yazaraq Playboy Club-dakı qadın istismarını, aşağı əməkhaqqını və cinsi təzyiqi ifşa edib. 1968-ci ildə isə New York jurnalının təsisçilərindən biri olub. 1960-cı illərin sonlarından etibarən Staynem ABŞ-də ikinci dalğa feminizminin ən diqqətçəkən və tanınmış iştirakçılarından birinə çevrilib. 1971-ci ildə Ms. jurnalını həmtəsis edib. Bu nəşr abort hüququ, cinsi ayrıseçkilik, bərabər əməkhaqqı və məişət zorakılığı kimi mövzuları feminist perspektividən işıqlandıran ilk milli jurnal olub. Eyni ildə Milli Qadın Siyasi Qrupunun (National Women’s Political Caucus) yaradılmasında da aktiv iştirak edib.
Staynem abort hüququ, bərabər əməkhaqqı və qadınların siyasi təmsilçiliyi uğrunda onilliklər boyu mübarizə aparıb. Onun səsi bir neçə nəsil qadını ilhamlandırıb. 2013-cü ildə ABŞ prezidenti Barak Obama ona ölkənin ən yüksək mülki mükafatı olan Prezident Azadlıq Medalını təqdim edib. 2021-ci ildə isə İspaniyada Asturiya Şahzadəsi mükafatına layiq görülüb. 2000-ci ildə 66 yaşında ekoloq və aktivist Devid Beyl ilə evlənib. Həyat yoldaşı 2003-cü ildə vəfat edib. Staynem uşaq sahibi olmayıb. O, gender bərabərliyi uğrunda mübarizənin simvoluna çevrilib. Fondun açıqlamasında vurğulanır ki, Staynem bərabərlik uğrunda son gününədək çalışıb və onun mirası hələ uzun illər yaşayacaq.
Nuray Mehtiyeva
03:23 04.09.2026
Oxunuş sayı: 49