Təbiətin gizli səyyahı: Üzən meşə adası
Kanadada “yoxa çıxan” meşə 30 kilometr uzaqda yenidən doğuldu
Kanadanın Britaniya Kolumbiyası əyalətində təbiət özünün ən qəribə şoularından birini səhnələşdirdi. Ağaclarla örtülü nəhəng bir “ada” bir gün suyun üzərində peyda oldu, sonra sanki okeanın dibinə batmış kimi yoxa çıxdı… və bir neçə həftə sonra 30 kilometr uzaqda yenidən ortaya çıxdı.
Hadisə Britaniya Kolumbiyasının ən böyük su anbarı olan Williston gölündə, Makkenzi şəhəri yaxınlığında baş verdi. Yerli sakinlərdən biri qayıqla gəzərkən birdən qarşısında ağac və bitkilərlə dolu, sanki yerdən qopub suyun üzərinə qalxmış böyük bir torpaq parçası gördü. O, dərhal telefonunu çıxarıb videoya aldı. Görüntülər sosial şəbəkələrdə yayılan kimi insanlar iki yerə bölündü: bəziləri “Bu realdır!” dedi, digərləri isə “Yenə süni intellekt fırıldağıdır” deyə gülürdü. Hətta BC Hydro-nun mütəxəssisləri belə ilk günlərdə ehtiyatlı davranırdılar. Süni intellektlə hazırlanmış saxta videoların bolluğu səbəbindən “bu həqiqətən varmı?” sualı ağıllarını məşğul edirdi. Lakin 21 iyul tarixli peyk görüntüləri bütün şübhələri dağıtdı. Suyun üzərində təxminən 140 metr uzunluğunda və 70 metr enində, iki futbol meydançası boyda bir “meşə adası” aydın görünürdü. Üzərində isə artıq formalaşmış, yaşıl ağaclar və bitkilər var idi. Sonra isə əsl sirr başladı.
5 avqustda eyni yerdən çəkilən yeni peyk şəkillərində adadan əsər-əlamət qalmamışdı. Sanki su udmuşdu. Bəziləri “batıb”, digərləri “parçalanıb”, bəziləri isə “sahilə qayıdıb gizlənib” deyirdi. Amma təbiət öz sirrini daha da dərinləşdirdi.
Avqustun 15-də çəkilən yeni peyk görüntüləri hər kəsi heyrətə gətirdi: ada yoxa çıxmamışdı. O, sadəcə səyahətə çıxmışdı. İlk mövqedən təxminən 30 kilometr uzaqda, Ospika qolunun sahilinə yaxın yerdə sakitcə dayanmışdı. BC Hydro sentyabrın 2-də rəsmi açıqlama verdi: ada cəmi 15 gün ərzində 30 kilometr məsafə qət etmişdi.
Bəs bu ağaclarla örtülü “üzən meşə” necə yaranmışdı?
Mütəxəssislərin əsas ehtimalı belədir: illər boyu su anbarının sığınacaqlı sahil hissələrində toplanan ağac qalıqları, çürümüş oduncaq və bitki kökləri bir-birinə dolanıb nəhəng, üzən bir “mat” əmələ gətirmişdi. Bu yay isə Williston gölünün su səviyyəsi son 14 ilin ən yüksək həddinə çatdı. Yüksək su + güclü küləklər bu nəhəng kütləni sahildən qopardı və o, sərbəst üzməyə başladı. Belə ölçüdə üzən bitki adaları nadir hadisədir. Amma Williston-dakı bu “səyyah meşə” həm ölçüsü, həm də 30 kilometrlik səyahəti ilə xüsusi diqqət çəkdi. Hazırda ada sahilə söykənib, bütöv görünür. Lakin mütəxəssislər xəbərdarlıq edir: üzərinə çıxmayın. Çünki o, adi torpaq deyil — əsasən çürümüş ağac və köklərdən ibarət, olduqca qeyri-sabit bir platformadır. Beləliklə, əvvəlcə “xəritələrdə olmayan sirli ada” kimi görünən obyektin sirrinin bir hissəsi açıldı. O, yoxa çıxmamışdı. Sadəcə suyun üzərində səyahət etmişdi. Amma onun illər ərzində necə formalaşdığı və belə böyük məsafəni hansı sürətlə qət etdiyi hələ də tam açıqlanmayıb.
Təbiət bəzən bizə xatırladır: bəzi sirrlər hələ də suda üzür…
Nuray Mehtiyeva
07:30 04.09.2026
Oxunuş sayı: 51