Azərbaycan və İsveçrə investisiya qoyuluşu imkanlarını müzakirə edəcək
Sentyabrın 15-də İsveçrənin paytaxtı Berndə Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu yubiley iclası keçiriləcək.
Crosssmedia.az xəbər verir ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsveçrə tərəfdən isə bu ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri, İsveçrə Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi Andrea Rauber Sakserdir.
Komissiyanın 9-cu iclası 2022-ci il dekabrın 13-də Bakıda keçirilib.
Bundan başqa, M.Cabbarov İsveçrəyə səfəri çərçivəsində "Azərbaycanda investisiya imkanları" adlı biznes forumda da iştirak edəcək. Forumun iki dövlətin biznes ictimaiyyətinin nümayəndələrinin geniş dairəsini bir araya gətirəcəyi gözlənilir.
Müzakirə olunacaq əsas mövzular investisiya əməkdaşlığının genişləndirilməsi, birgə fəaliyyət üçün perspektivli istiqamətlər, eləcə də İsveçrə və Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin aktual aspektləri ilə bağlı olacaq.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə İsveçrədən Azərbaycana birbaşa xarici investisiyaların məbləği 326,378 milyon ABŞ dollarına çatıb ki, bu da 2024-cü illə müqayisədə 5,1 dəfə artım deməkdir. Eyni zamanda, ötən il Azərbaycandan İsveçrəyə birbaşa xarici investisiyaların məbləği əvvəlki ilə nisbətən 43,2 % azalaraq 37,833 milyon ABŞ dolları təşkil edib.
17:36 02.09.2026
Oxunuş sayı: 40