Marketdə satılan bu yağlardan uzaq durun - zəhərlənə bilərsiniz
Son dövrlər qida məhsullarının tərkibində insan sağlamlığı üçün təhlükəli ola biləcək maddələrin aşkarlanması ilə bağlı xəbərlər gündəmə gəlir. Bu dəfə isə müxtəlif yağ məhsullarında kanserogen təsir göstərə bilən maddələrin aşkarlandığı bildirilib. Gündəlik istifadə etdiyimiz bu məhsulların marketlərdə geniş şəkildə satılması isə istehlakçılarda narahatlıq yaradır.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, yağ məhsullarında kanserogen və ya potensial kanserogen maddələrin aşkarlanması ilk növbədə onların istehsal və emal prosesləri, xammalın keyfiyyəti və düzgün saxlanma şəraiti ilə əlaqəlidir:
“Burada vacib məqam odur ki, “kanserogen maddə aşkarlanıb” ifadəsi avtomatik olaraq həmin məhsulun insan üçün dərhal təhlükəli olduğu anlamına gəlmir. Risk maddənin növündən, miqdarından və uzunmüddətli qəbul səviyyəsindən asılıdır. Bitki yağlarının yüksək temperaturda emalı və xüsusilə təmizlənməsi zamanı 3-MCPD efirləri və qlisidil efirləri kimi proses çirkləndiriciləri yarana bilər. Bunların əmələ gəlməsinə yüksək temperatur, yağın tərkibindəki müəyyən komponentlər, emal texnologiyası və prosesin idarə olunması təsir edir. Xüsusilə qlisidil efirləri sağlamlıq baxımından narahatlıq doğuran maddələr hesab olunur və onların genotoksik və kanserogen potensialı ilə bağlı elmi qiymətləndirmələr mövcuddur. Bundan başqa, yağların uzun müddət yüksək temperaturda saxlanılması və ya dəfələrlə qızdırılması nəticəsində oksidləşmə məhsulları, aldehidlər və digər arzuolunmaz birləşmələr yarana bilər. Yanlış saxlanma, işıq və oksigenlə uzunmüddətli təmas da yağın keyfiyyətinin pisləşməsini sürətləndirir”.
F.Səfərov qeyd edib ki, bu maddələrə uzun müddət və yüksək səviyyədə məruz qalmaq bəzi hallarda qaraciyər və böyrəklər kimi orqanlara mənfi təsir, genetik materialın zədələnməsi və uzunmüddətli perspektivdə xərçəng riskinin artması ilə əlaqələndirilir:

“Lakin burada əsas məsələ məhz məruz qalma miqdarıdır. Qida təhlükəsizliyi normalarında bu maddələr üçün müəyyən edilmiş limitlərin məqsədi də istehlakçının uzunmüddətli riskini mümkün qədər azaltmaqdır. İlk növbədə məhsulun etiketinə, istehsalçı məlumatlarına, son istifadə tarixinə və saxlanma şərtlərinə baxmaq lazımdır. Qablaşdırması zədələnmiş, şişmiş, sızdıran və ya məhsulun mənşəyi aydın olmayan yağları almaq düzgün deyil. Yağın növü və tərkibi də vacibdir. Məsələn, məhsul “kərə yağı” kimi təqdim edilirsə, onun tərkibində bitki yağlarının olub-olmamasına diqqət etmək lazımdır. Bitki yağlarında isə hansı yağdan istifadə edildiyi və məhsulun hansı emal prosesindən keçdiyi etiketdən mümkün qədər yoxlanılmalıdır. Yağın qoxusu, dadı və görünüşündə kəskin dəyişikliklər də xəbərdarlıq əlamətidir. Acılaşmış, köhnə və ya qeyri-adi qoxusu olan yağdan istifadə edilməməlidir”.
Qida eksperti vurğulayıb ki, bununla yanaşı, istehlakçı yalnız görünüşə əsaslanaraq yağın kimyəvi baxımdan təhlükəsiz olduğunu müəyyən edə bilməz:
“Məsələn, 3-MCPD və qlisidil efirlərini ev şəraitində görmək və ya dadmaqla müəyyən etmək mümkün deyil; bunun üçün laboratoriya analizi tələb olunur. Ona görə də ən düzgün yanaşma etibarlı istehsalçı və satış məntəqələrindən məhsul almaq, etiket və saxlanma şərtlərinə riayət etmək, yağı günəş altında və yüksək temperaturda saxlamamaq və eyni yağı dəfələrlə qızdırmamaqdır. Eyni zamanda, konkret məhsulda təhlükəli maddənin normadan artıq olub-olmadığını müəyyən etmək istehlakçının deyil, aidiyyəti dövlət nəzarəti və laboratoriya qurumlarının işidir”.
Nuray Mehtiyeva
18:30 31.08.2026
Oxunuş sayı: 52