Mövsümi xəstəliklər yayılır - övladlarınızı qoruyun
Payız mövsümünün başlaması ilə uşaqlar arasında müxtəlif infeksion xəstəliklərin yayılma riski artır. Xüsusilə bağça və məktəblərin fəaliyyətə başlaması uşaqların daha çox kollektiv mühitdə olmasına səbəb olur. Bu isə infeksiyaların bir uşaqdan digərinə keçməsi ehtimalını yüksəldir. Mövsüm dəyişikliyi ilə yanaşı, uşaqların yuxu rejiminin dəyişməsi və qidalanmaya kifayət qədər diqqət yetirilməməsi də onların ümumi sağlamlığına təsir göstərə bilər. Bu baxımdan valideynlərin uşaqların immun sisteminin dəstəklənməsi üçün bir sıra vacib məqamlara diqqət etməsi önəmlidir. Peyvəndlərin vaxtında tamamlanması, balanslı qidalanma və keyfiyyətli yuxu uşaqların sağlamlığının qorunmasında mühüm rol oynayır. Eyni zamanda xəstə uşaqların bağça və məktəbə göndərilməməsi həm onların, həm də digər uşaqların sağlamlığı baxımından vacibdir. Mövsüm başlamazdan əvvəl pediatr müayinəsindən keçmək də uşağın sağlamlıq vəziyyətində olan problemlərin vaxtında müəyyənləşdirilməsinə imkan verir.
Pediatr Günay Rəsulova Crossmedia.az-a açıqlamasında bildirib ki, uşaqların peyvəndlərinin vaxtında tamamlanmasına, qidalanmasına və yuxu rejiminə xüsusi diqqət yetirilməlidir:
“Əgər uşaqların peyvəndləri natamamdırsa, mütləq tamamlanmalıdır. Çünki peyvəndlər təkcə infeksion xəstəliklərdən qorumur, eyni zamanda immuniteti artıraraq uşaqları başqa infeksiyalardan da mühafizə edir.
Uşaqların düzgün və balanslı bəslənməsinə, eləcə də vaxtında yatmaqlarına və yuxu rejimlərinə xüsusi diqqət yetirilməlidir. Bütün bunlar uşaqların immunitetinə birbaşa təsir göstərən əsas amillərdəndir.
Xəstələrlə təmasın qarşısının alınması
Uşaqları xəstə şəxslərlə təmasdan qorumaq lazımdır. Əgər uşaq xəstədirsə, onu kollektivə (bağça və ya məktəbə) göndərmək olmaz. Bu, həm başqa uşaqların yoluxmaması, həm də uşağın özünün ikinci bir infeksiyaya məruz qalıb vəziyyətinin ağırlaşmaması üçün vacibdir. Çünki xəstə şəxslərlə təmas uşaqların infeksiyalara yoluxmasının ən tez-tez rast gəlinən səbəblərindən biridir.
Bağça yaşı və qidalanma
Bundan başqa, uşağın bağçaya göndərilmə yaşına da diqqət edilməlidir. Bəzən uşaqlar çox erkən yaşda kollektivə təqdim olunur. Bu da onların immun sisteminin hələ tam formalaşmaması səbəbindən tez-tez xəstələnmələrinə yol açır.
Tövsiyə olunan bağça yaşı 3 yaş və üzəridir.
Məcburiyyət olduqda uşağı 2 yaşından da göndərmək olar, lakin bundan daha erkən yaşlar tez-tez xəstələnmə riskini artırır.
Körpələri mümkün qədər ana südü ilə qidalandırmağa çalışmaq lazımdır. Uşaqların qidasında əsas diqqət onların qida dəyərinə yetirilməli və sağlam qidalanma vərdişləri formalaşdırılmalıdır.
Uşaqların immunitetini möhkəmləndirmək üçün aşağıdakı amillər zəruridir:
Balanslı qidalanma və keyfiyyətli yuxu;
Zamanında olunmuş peyvəndlər;
Xəstələrlə təmasdan qorunma.
Bununla yanaşı, mövsüm öncəsi həkim-pediatrın ətraflı müayinəsindən keçmək vacibdir. Uşaqda hər hansı bir problemin, vitamin əskikliyinin, orqanizmdəki çatışmazlıqların, xroniki xəstəliklərin və ya allergiya problemlərinin vaxtında araşdırılıb aradan qaldırılması uşağın immun sisteminin möhkəmlənməsinə böyük dəstək olacaqdır”.
Zeynəb Həsən
18:20 31.08.2026
Oxunuş sayı: 54