Evdəki adi əşya yayın ən qeyri-adi aksesuarına çevrilib
Moda dünyasında gündəlik istifadə olunan əşyaların aksesuara çevrilməsi tendensiyası davam edir. Bu yay saç düzəltmək üçün istifadə olunan daraqlar boyundan asılan qeyri-adi aksesuarlardan birinə çevrilib.
Crossmedia.az xəbər verir ki, “Vogue Türkiye” bu barədə məlumat yayıb.
İncə kəndirin və ya zəncirin ucuna bağlanan kiçik daraqlar yay mövsümünün diqqətçəkən aksesuar trendləri sırasında yer alır.
Daraq boyunbağı ideyası yeni deyil. “The Row” 2023-cü ilin Pre-Fall kolleksiyasında darağı boyunbağı kulonu kimi təqdim edib. 2026-cı ilin yaz-yay mövsümündə isə “Anteprima” oxşar ideyaya kolleksiyasında yer verib.
Bu aksesuarın tarixi isə moda podiumlarından daha qədimdir. Onun köklərinin Kaliforniya və Avstraliya sahillərində formalaşan sörf mədəniyyətinə bağlı olduğu bildirilir. Sörfçülərin dəniz suyu və küləyin təsirindən sərtləşən saçlarını düzəltmək üçün daraqları boyunlarında daşıdıqları qeyd olunur.
Hazırda praktik istifadə vasitəsi olan daraq rahat yay üslubunun bir hissəsinə çevrilib. Aksessuar bandana, uzunqol köynək və şortlarla gündəlik görünüş yarada, daha zərif geyimlərlə isə fərqli kombinlərdə istifadə oluna bilər. Bu trendi sınamaq üçün bahalı aksessuara ehtiyac yoxdur. Vintage daraq və sadə kəndirdən istifadə etməklə də oxşar görünüş yaratmaq mümkündür.
07:31 30.08.2026
Oxunuş sayı: 84