"Porsche" MHP-dəki payını satır
Almaniyanın avtomobil istehsalçısı “Porsche” əsas fəaliyyət istiqamətlərinə daha çox fokuslanmaq məqsədilə idarəetmə və İT konsaltinq şirkəti “MHP”ni Hindistanın “Tata Consultancy Services” (TCS) şirkətinə satır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Porsche” şirkəti məlumat yayıb. Bildirilib ki, tərəflər “MHP”nin TCS-ə satılması ilə bağlı müqavilə imzalayıblar. Əməliyyatın qarşıdakı 3-4 ay ərzində tamamlanması gözlənilir və bunun üçün müvafiq tənzimləyici təsdiqlər tələb olunur.
Məlumata görə, “MHP”nin müəssisə dəyəri 320 milyon avro qiymətləndirilir. Satış “Porsche”nin “Sportwagenschmiede 35” strategiyası çərçivəsində əsas biznesinə fokuslanmaq planının bir hissəsidir.
“MHP” Ludviqsburqda yerləşir və dünya üzrə 4 500-dən çox əməkdaşa sahibdir. Şirkət avtomobil və sənaye sektorlarında biznes konsaltinqi, rəqəmsallaşma, proqram təminatı və digər texnoloji istiqamətlər üzrə fəaliyyət göstərir.
Bununla yanaşı, “Porsche” və TCS arasında rəqəmsal həllər və süni intellekt sahəsində uzunmüddətli strateji əməkdaşlıq da nəzərdə tutulur. Beşillik əməkdaşlıq çərçivəsində süni intellekt texnologiyalarının “Porsche”nin mühəndislik, istehsal, əməliyyat və müştəri təcrübəsi sahələrində tətbiqinin genişləndirilməsi planlaşdırılır.
Razılaşmadan sonra “MHP” TCS-in tərkibində müstəqil brend və konsaltinq şirkəti kimi fəaliyyətini davam etdirəcək. Eyni zamanda şirkət “Porsche”nin rəqəmsallaşma proseslərində strateji tərəfdaş olaraq qalacaq.
“Reuters”in məlumatına görə, “Porsche”nin TCS ilə daha geniş beşillik əməkdaşlığının ümumi dəyəri 1,25 milyard avro təşkil edir.
17:04 25.08.2026
Oxunuş sayı: 45