Ədəbiyyat, fəlsəfə və kütlə psixologiyası: “Ağ-Qara” təfəkkürdən ideoloji müdrikliyə
Əslində, ədəbiyyat və fəlsəfənin fundamental tərəfi tənqidlə, daha dəqiqi, tənqidi təfəkkürlə bağlıdır. Lakin təəssüf ki, bizim cəmiyyət tənqidi təfəkkürə hələ də tam açıq deyil. Toplumumuz, bir çox hallarda yüksək emosionallıq səbəbindən, hadisələri rasional analiz etmək əvəzinə, problemin “kəsə” üzərinə getməklə onu ya "öyməyi", ya da "söyməyi" bacarır. Bu isə əksər məqamlarda tərəflər arasında dialoqu deyil, monoloqu yeganə reallıq kimi ortaya qoyur. Hər şeyi yalnız ağ və qara rənglərdə dərk etmək, səmimi deyək ki, arxaik təsəvvürlərin və kütlə psixologiyasına xas olan kollektiv şüuraltının məhsuludur. Məşhur fransız sosioloqu Qustav Le Bon "Kütlələrin psixologiyası" nəzəriyyəsində qeyd edirdi ki, fərdlər kütləyə çevrildiyi an onların fərdi rasionallığı və tənqidi düşüncəsi yox olur, şüurlu şəxsiyyət yerini kollektiv şüursuzluğa verir. Problem ondadır ki, bu psixoloji modeldə reallıq nüanslarla deyil, kəskin qütblərlə qəbul edilir: yəni insan ya tam qəhrəmandır, ya da tam yaramaz və ya “fərari”. Fakt budur ki, belə hallarda ortaq məxrəclər, yəni kompromislər rədd edilir, qütbləşmə dərinləşir, hər kəs öz mövqeyində özünü haqlı sayır, əsl həqiqət isə tamamilə kənarda qalır.
Ortada gedən “çəkişmələrə” rasional anlamda kənardan baxdıqda aydın olur ki, bəla sadəcə bu arxaik kütlə psixologiyasında deyil; bəla bundadır ki, özlərini əvəzsiz ziyalı kimi təqdim edən bəzi insanlar da gedən proseslərə eyni ibtidai təfəkkür və eyni psixoloji qütbləşmə ilə münasibət nümayiş etdirirlər. Belə situasiyaları nəzərdə tutaraq Le Bon yazırdı ki, kütlə daxilində intellektual səviyyəsindən asılı olmayaraq hər kəs eyniləşir və kütlənin ümumi, ibtidai səviyyəsinə enir. Şübhəsiz ki, tənqid vacibdir, ancaq tənqidin sərhədləri ilə təhqirinkini ayırd etməyəndə məsələ daha da qəlizləşir. Ziyalıların bu dalğaya qapılması isə cəmiyyətin gələcəyi üçün qorxuludur. Çünki ziyalı, öz etnosunun bir anlıq emosional dalğalarına qapılmayan, böyük düşünən, böyük işlər görən və ona tərəf atılan "çamuru" belə anlaqlı, dözümlü qarşılayan lokomotiv olmalıdır. Burada tarixi bir məqamı xatırlatmaq vacibdir: Məsələn, İkinci Qarabağ savaşına qədər həmin inamsızlar və başqasının gözündə həmişə "tük" axtaranlar, ölkədə aparılan siyasi-ideoloji, ictimai-siyasi prosesləri hər vəchlə qeyri-məqbul hesab edirdilər. Lakin zaman və İkinci Qarabağ savaşının tarixi nəticələri göstərdi ki, böyük Liderlər və böyük düşünən dövlət ağlı heç zaman xırda hissələrin, bir anlıq emosiyaların və kütləvi manipulyasiyaların əsirinə çevrilmir. Böyük siyasət ona atılan çamuru belə aqressiv yox, strateji bir müdrikliklə qarşılayaraq, bunu qaragürunun biliksizliyinə və Le Bonun təbiri ilə desək, kütləvi psixoloji yoluxmanın təsirində olan nadan fərdlərin aqressiyasına yazır.
Biz cəmiyyət olaraq qəbul etməliyik ki, son 30 illik yaxın tarixi təcrübəmiz bizim gələcək yüzillik üçün bir mayak, ən çətin qapıları açacaq universal bir açardır. Bu gün əlimizdə bizi yaşadan, varlığımızı təmin edən, fərqliliklərimizi vahid gücə çevirən və bizi irəli aparan fundamental bir sistem – Azərbaycançılıq İdeologiyası var. Bizim xalqın psixoloji strukturunda çoxəsrlik birgəyaşayış instinkti və fərqli mədəniyyətlərə dözümlülük (tolerantlıq) kodu mövcuddur. Məhz buna görə də Multikulturalizm, Milli Birlik və Vətənsevərlik prinsiplərinə söykənən Azərbaycançılıq ideologiyası bizim sadəcə mənəvi dəyərimiz deyil, həm də qlobal dünyada var olmaq üçün ən böyük psixoloji və strateji qalxanımız, özünüreallaşdırma strategiyamızdır.
Ancaq problem ondadır ki, bu gün bir çoxları sosial şəbəkələrin yaratdığı fərdi tribuna imkanlarından istifadə edib, özlərini "başbilən" kimi aparır; mədəniyyətimizə, ideoloji birliyimizə, mənəvi dəyərlərimizə – bir sözlə, bu günümüzə və keçmişimizə qarşı virtual hücumlar təşkil edirlər. Bu, müvazinətini itirmiş rəqəmsal kütlənin daxilindəki "psixoloji yoluxma" fenomenidir və kollektiv kimlik şüuru zəif olan fərdlərin rəqəmsal xaosda özünü təsdiq etmə chdidir. Bu yanlışlıq mütləq düzəldilməlidir və özü də məhz ziyalıların cəhdi ilə. İntellektual təbəqə gedən qlobal və regional prosesləri analiz edərək qəbul etməlidir ki, bizim cəmiyyət üçün indi ən vacib tezis Vətənpərvərlik, kommunikativlik, intellektual dialoq və həmrəyliyin müxtəlif təbəqələrdə, fərqli situasiyalarda təbliği olmalıdır. Həqiqəti yalnız ağ-qara kimi izah etmək bir növ intellekt üçün bütövlük defisitidir. Deməli, ziyalı və intellektual fərd kütlənin kor-koranə instinktlərinə qarşı dözümlü, strateji baxışa malik və müdrik olmalıdır.
Beləliklə, sonda nəyi qeyd etməyi vacib hesab edirik: tarixin, ədəbiyyat və fəlsəfənin bizə öyrətdiyi ən böyük həqiqət ondan ibarətdir ki, kütlənin həm pozitiv, həm də neqativ çırpıntısı reallığı bir anlıq emosiyalaşdıra bilsə də, zamanın süzgəcindən yalnız müdrikliyin və rasional zəkanın gətirdiyi reallıqlar, onun fəlsəfi sükutu keçib əbədiləşir. Ziyalı üçün kütlənin aqressiv səs-küyünə qarşı dözümlü olmaq bir zəiflik deyil, əksinə, xaosa nizam gətirən ali bir fəzilətdir. Bu fəzilət cəmiyyəti qoruyur və inkişaf etdirir. Bu missiya ziyalının taleyi və alın yazısı kimi qəbul olunanda, cəmiyyət keçici emosiyaların xaosundan xilas olub, dayanıqlı tərəqqinin və milli idrakın işıqlı sabahına doğru addımlayır.

Şölət Zeynalov, fəlsəfə üzrə fəlsəfə doktoru
11:04 24.08.2026
Oxunuş sayı: 61