Milyardlarla rüşvət ittihamı: keçmiş müstəntiq HƏBSXANADA EVLƏNDİ
Rusiyada rekord məbləğdə rüşvət almaqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilən keçmiş müstəntiq Marat Tambiyev cəzaçəkmə müəssisəsində evlənib.
Crossmedia.az xəbər verir ki, “SHOT” bu barədə məlumat yayıb.
Məlumata görə, Tambiyevin yeni həyat yoldaşının 28 yaşı var və o, keçmiş müstəntiqi Nijni Novqoroddakı ciddi rejimli cəzaçəkmə müəssisəsində mütəmadi ziyarət edən yeganə şəxs olub. Qadın bundan əvvəl Tambiyevi istintaq təcridxanasında da ziyarət edib, ona ərzaq və siqaret göndərib.
Bildirilir ki, cütlük 2021-ci ildə, Tambiyevin ilk həyat yoldaşından boşanmasından sonra tanış olub. Dağıstanın Dərbənd şəhərindən olan qadın daha sonra Moskvaya köçüb. O, əvvəlcə restoranda ofisiant işləyib, daha sonra Rusiya Federal Antiinhisar Xidmətində rəhbər müavinlərindən birinin katibi vəzifəsində çalışıb.
Marat Tambiyev 2024-cü ildə 16 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib və 500 milyon rubl cərimələnib. İstintaq onun 2020–2022-ci illərdə haker qruplaşması “Infraud Organization”un üzvlərindən ümumilikdə 2718 bitkoin, təxminən 7,3 milyard rubl məbləğində rüşvət aldığını iddia edib.
10:43 24.08.2026
Oxunuş sayı: 54