İxtisas seçimini təsdiq etməyən abituriyentlərin nəzərinə
Ali təhsil müəssisələrinə qəbul prosesində ixtisas seçimi mərhələsi abituriyentlər üçün ən vacib mərhələlərdən biridir. Dövlət İmtahan Mərkəzinin seçimlərini hələ təsdiqləməyən abituriyentlərlə bağlı xəbərdarlığı isə mövzunun aktuallığını artırır. Bəs seçimini təsdiqləməyən abituriyent nə etməlidir və təsdiq prosesinə diqqət edilməməsi hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Crossmedia.az-a açıqlamasında bildirib ki, ixtisas seçimi qədər həmin seçimin düzgün şəkildə təsdiqlənməsi də vacibdir. Ekspert abituriyentlərə seçimlərini son günə saxlamamağı və ərizənin təsdiqləndiyinə mütləq əmin olmağı tövsiyə edib: “Ali təhsil müəssisələrinə qəbul prosesində ixtisas seçimi qədər həmin seçimin düzgün şəkildə təsdiqlənməsi də vacibdir. Abituriyent bəzən seçimini sistemə daxil etməklə prosesin tamamlandığını düşünür. Halbuki burada ən kritik məqam seçimin ərizəsinin son mərhələdə təsdiqlənməsidir.
Mən hər zaman abituriyentlərə xüsusilə tövsiyə edirəm ki, ixtisas seçimini ən son günə saxlamasınlar və yalnız seçim etdiklərinə deyil, ərizənin təsdiqləndiyinə də əmin olsunlar. Çünki təsdiqlənməmiş seçim həm hüquqi, həm də texniki baxımdan yekun seçim kimi qəbul olunmur və nəticədə abituriyentin müsabiqəyə buraxılmamaq riski yaranır”.

Ə.Həsənli qeyd edib ki, abituriyent seçimlərini təsdiqləyəndən sonra mütləq sistemdə yaranan məlumatı mütləq yoxlamalı, mümkün olduğu halda təsdiqin nəticəsini saxlamalıdır: “Son günlərdə sistemdə sıxlığın yaranması və ya texniki problemlərin baş verməsi ehtimalını da nəzərə almaq lazımdır. Ona görə də “son gün edərəm”, “son saatlarda edərəm” yanaşması düzgün deyil. Burada valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar abituriyentin seçiminə müdaxilə etməməli, amma prosesin texniki olaraq tamamlandığına nəzarət etməlidirlər. Çünki bir neçə saniyəlik diqqətsizlik və ya “təsdiq etdim” düşüncəsi uzun müddət gözlənilən qəbul prosesinə mənfi təsir göstərə bilər. Mən hər zamankı çağırışımı bir daha edirəm: abituriyentlər ixtisas seçimi prosesində tələsməli, amma seçimi son günə saxlamamalıdırlar. Seçimlərini dəfələrlə yoxlamalı, təsdiq mərhələlərini keçdiklərindən əmin olmalı və Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarını daim izləməlidirlər. Artıq yaxın günlərdə ixtisas seçiminin nəticələri açıqlanacaq. Bütün abituriyentlərə tələbə adını qazanmalarını diləyirəm”.
Zərnigar Hüseynli
18:15 20.08.2026
Oxunuş sayı: 61