Tramp Cənubi Koreya ilə hərbi təlimlərin miqyasını azaldıb
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya ilə birgə keçirilən “Ulchi Freedom Shield” hərbi təlimlərinin miqyasının və müddətinin əhəmiyyətli dərəcədə azaldılmasına göstəriş verib.
Crossmedia.az xəbər verir ki, plan üzrə 11 gün davam etməli olan təlimlər beş günə endirilib və avqustun 27-də deyil, 21-də başa çatacaq. Dəyişikliklər çərçivəsində bir sıra səhra təlimləri və əks-hücum ssenariləri ləğv edilib, onların bir hissəsi kompüter simulyasiyası formatına keçirilib.
Tramp təlimləri “bahalı” və Şimali Koreyaya qarşı “düşməncəsinə” yönəlmiş tədbirlər kimi qiymətləndirib. O, Şimali Koreya lideri Kim Çen Inla yaxşı şəxsi münasibətlərinin olduğunu və Pxenyanın prezidentliyi dövründə ABŞ-a qarşı “hörmətlə” davrandığını bildirib.
Qərar Cənubi Koreyada narahatlıqla qarşılanıb. Seul belə bir göstəriş barədə əvvəlcədən məlumatlandırılmadığını və bunun ABŞ-ın regionda çəkindirmə siyasətinə sadiqliyi ilə bağlı suallar yaratdığını açıqlayıb.
14:08 19.08.2026
Oxunuş sayı: 49