TRİPP layihəsi Ermənistanla İran arasında gərginlik yaradıb
Ermənistan Respublikaçılar Partiyasının Gənclər Təşkilatının sədri Henrix Danielyan İranın TRIPP layihəsini milli təhlükəsizlik təhdidi kimi qiymətləndirdiyini bildirərək, Ermənistan hakimiyyətini layihənin riskləri barədə cəmiyyətə tam məlumat verməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, "Aysor.am" bu barədə məlumat yayıb.
Danielyan İran general-mayoru Rəhim Səfəvinin TRIPP layihəsi ilə bağlı açıqlamasının adi diplomatik şərh kimi qiymətləndirilməməli olduğunu bildirib. Onun sözlərinə görə, Tehran layihənin hazırkı formatını, xüsusilə ABŞ hərbçilərinin və ya digər güc strukturlarının iştirakını nəzərdə tutduğu halda, İranın milli təhlükəsizliyinə təhdid hesab edir.
Erməni siyasətçi Ermənistan hakimiyyətinə bir sıra suallar ünvanlayıb. O, TRIPP-in əsasən iqtisadi və nəqliyyat imkanları kimi təqdim edilməsini, mümkün geosiyasi və hərbi təhlükəsizlik risklərinin isə kifayət qədər açıqlanmamasını tənqid edib.
Danielyanın fikrincə, İranın mövqeyini qəbul edib-etməməkdən asılı olmayaraq, Tehran tərəfindən səsləndirilən mesajları nəzərə almamaq mümkün deyil. O qeyd edib ki, İran Ermənistanın iki birbaşa qonşusundan biridir və iki ölkə arasında strateji əhəmiyyət daşıyan açıq sərhəd mövcuddur.
O bildirib ki, məsələ artıq yalnız yol və iqtisadi kommunikasiyalarla məhdudlaşmır. Danielyan TRIPP layihəsinin Sünik bölgəsinin gələcəyi, Ermənistan-İran sərhədi, xarici qüvvələrin mümkün iştirakı və Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturası ilə bağlı olduğunu vurğulayıb.
Danielyan Ermənistan hakimiyyətinin TRIPP-in ölkə üçün əlavə təhlükə yaratmadığına əmin olduğu halda bunu cəmiyyətə açıq və əsaslandırılmış şəkildə izah etməli olduğunu bildirib.
Onun sözlərinə görə, İranın siqnallarının necə qiymətləndirildiyi, Ermənistanın hansı təhlükəsizlik təminatlarına malik olduğu və regional, eləcə də regiondankənar qüvvələrin maraqlarının mümkün toqquşmasının qarşısının necə alınacağı barədə aydın cavablar verilməlidir.
Danielyan Ermənistan vətəndaşlarının layihənin yalnız mümkün iqtisadi üstünlükləri barədə deyil, həm də siyasi qiyməti, təhlükəsizlik riskləri, regional nəticələri və İranın açıqladığı "qırmızı xətləri" barədə tam məlumat almaq hüququnun olduğunu bildirib.
14:29 16.08.2026
Oxunuş sayı: 52