Enerji xərclərinin yanvarda 16 faiz artacağı gözlənilir
Böyük Britaniyada ev təsərrüfatlarının illik enerji xərclərinin yanvar ayında 276 funt sterlinq artacağı proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, “Cornwall Insight” konsaltinq şirkətinin hesablamalarına əsasən, enerji ödənişlərində gözlənilən 16 faizlik artım milyonlarla ailəyə təsir edə bilər. Bu, son dörd ildə qeydə alınacaq ən böyük bahalaşma ola bilər.
Proqnoz Böyük Britaniyanın enerji bazarını tənzimləyən Ofgem qurumunun oktyabr ayı üçün müəyyən etdiyi qiymət həddinin qüvvəyə minməsindən bir gün əvvəl açıqlanıb. Gözlənilən artım enerji xərclərini ödəməkdə çətinlik çəkən ailələrə dəstək göstərilməsi ilə bağlı hökumətə təzyiqi artırır.
Bununla yanaşı, enerji təchizatçısı EDF şirkətinin rəhbəri Simone Rossi Böyük Britaniyanın “ikinci enerji böhranına doğru getdiyini” bildirib. O, cümə axşamı qüvvəyə minəcək elektrik enerjisi üzrə ƏDV güzəştinin müddətinin uzadılmasına çağırıb.
10:56 01.10.2026
Oxunuş sayı: 50