Oktyabrın dörd günü meteor yağışı olacaq
“Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir”.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Crossmedia.az-a verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır.
Bildirilib ki, Drakonid meteor yağışı əsasən Şimal yarımkürəsindən yaxşı müşahidə olunur. Azərbaycan da müşahidə üçün əlverişli coğrafi mövqedə yerləşir. Drakonidlərin digər meteor yağışlarından mühüm fərqlərindən biri onların axşam və gecənin ilk yarısında müşahidə üçün əlverişli olmasıdır.
2026-cı ildə Drakonid meteor yağışının maksimumunun Bakı vaxtı ilə təxminən saat 23:00-a təsadüf etməsi Azərbaycan müşahidəçiləri üçün əlverişlidir. Bundan əlavə, maksimum Yeni Ay fazasına düşdüyündən Ay işığı da olmayacaq. Meteor yağışını müşahidə etmək üçün teleskop və ya binokla ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, açıq və qaranlıq ərazi seçmək və mümkün qədər geniş səma sahəsini adi gözlə izləmək daha məqsədəuyğundur.
10:49 01.10.2026
Oxunuş sayı: 42