Peşə təhsili alanlar universitet məzunlarından daha tez əmək bazarına girir
Ali təhsil müəssisələrinə qəbulun uzun illər gənclər üçün əsas hədəf kimi qəbul edilməsi peşə təhsilinə marağın arxa planda qalmasına səbəb olub. Lakin son illərdə bu yanaşmada ciddi dəyişiklik müşahidə olunur. Əmək bazarında peşəkar kadrlara artan tələbat, peşə təhsili müəssisələrində həyata keçirilən islahatlar və müxtəlif ixtisaslar üzrə yeni imkanların yaradılması gənclərin bu sahəyə marağını artırıb. Artıq peşə təhsili yalnız ali məktəbə qəbul ola bilməyən şəxslər üçün alternativ seçim kimi deyil, əmək bazarına daha qısa müddətdə daxil olmaq imkanı yaradan istiqamət kimi qiymətləndirilir.
Peşə təhsilinin inkişafı həm dövlət siyasətində, həm də gənclərin karyera seçimlərində önəmli yer tutmağa başlayıb. Bununla belə, sahədə müəyyən çatışmazlıqların mövcudluğu, tədrisin keyfiyyətinin yüksəldilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının daha da gücləndirilməsi məsələləri aktuallığını qoruyur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, son vaxtlar həm dövlətin peşə təhsilinə diqqəti artıb, həm də abituriyentlərin bu sahəyə marağı güclənib: “Ümumiyyətlə, son vaxtlar bilirik ki, peşə təhsili mərkəzlərinə həm dövlətin diqqəti artıb, həm də artıq abituriyentlərin kifayət qədər diqqətini çəkir. Bu, onunla əlaqədardır ki, indiyə qədər, ali təhsil müəssisələrinə qəbuldan sonra övladları üçün narahat olan valideynlər xüsusi gərginlik keçirirdilər. Təəssüf ki, bu gərginlik fonunda müxtəlif ağır hallar baş verirdi. Lakin xoşbəxtlikdən artıq insanlar başa düşməyə başlayıblar ki, ali təhsil müəssisəsinə qəbul olunmamaq hələ hər şeyin bitməsi demək deyil. Çünki artıq peşə təhsili mərkəzlərində əmək bazarının tələblərinə uyğun yaxşı kadrlar yetişdirilir və həmin kadrlar ali təhsil müəssisələrinin məzunlarından daha tez əmək bazarına daxil olurlar. Bu, müəyyən qədər gəncləri düşünməyə vadar edib və onlar öz yanaşmalarını daha praqmatik və açıq şəkildə formalaşdırırlar. Bildiyiniz kimi, artıq peşə təhsili mərkəzlərində aparılan islahatlar kifayət qədər ürəkaçan mənzərə yaradıb. Bəzi ixtisaslar var ki, orada ödəniş 6 min manata qədər gəlib çıxır. Amma bu proqramlar arasında dünya səviyyəli otellərdə işləmək üçün aşpazlar, dizayn ustaları və müxtəlif sahələr üzrə mütəxəssislər hazırlayan ixtisaslar da var. Bu istiqamətlər üzrə yüksək ödəniş etməyə hazır olan şəxslər də mövcuddur”.

Ekspert qeyd edib ki, bu gün peşə təhsili mərkəzlərinə axın kifayət qədər çoxdur: “Lakin düşünmürəm ki, bu mənzərə hələ Azərbaycan əmək bazarının tələbatını tam ödəyəcək səviyyəyə çatıb. Bununla belə, müəyyən islahatlar həyata keçirilir. Peşə təhsili mərkəzlərində ürəkaçan mənzərə ilə yanaşı, çatışmazlıqlar da təbii ki, var. Məsələn, tədrisin keyfiyyətini yüksəltmək üçün yeni proqramlar, tövsiyələr və layihələr hazırlanmalıdır. Düzdür, kadr islahatlarına başlanılıb, amma bu proses bir qədər də sürətləndirilməlidir”.
Zeynəb Həsən
15:00 15.08.2026
Oxunuş sayı: 44