Diqqət: Bu ixtisaslar ləğv edilir
Çində tərcüməçi ixtisasının ləğv edilməsi ilə bağlı məlumatlar süni intellektin əmək bazarına təsiri məsələsini yenidən gündəmə gətirib. Süni intellektin bir çox sahədə insan əməyini əvəz etməsi Azərbaycanda da bəzi ixtisasların gələcəyi ilə bağlı suallar yaradır.
Təhsil eksperti Əli Ələkbərov Crossmedia.az-a açıqlamasında bildirib ki, yaxın perspektivdə Azərbaycanda tərcüməçilik ixtisasının ləğv ediləcəyini real hesab etmir. Onun sözlərinə görə, Çində hansısa universitetdə və ya təhsil sistemində belə bir qərarın verilməsi avtomatik olaraq Azərbaycanda da eyni addımın atılacağı anlamına gəlmir: “Bunu yaxın perspektiv üçün real hesab etmirəm. Çində hansısa universitetdə və ya təhsil sistemində belə bir qərarın verilməsi avtomatik olaraq Azərbaycanda da eyni addımın atılacağı anlamına gəlmir. Amma bir reallıq var ki, süni intellekt tərcümə sahəsinə ciddi təsir göstərir. Xüsusilə gündəlik və sadə mətnlərin tərcüməsində artıq texnologiyanın imkanları kifayət qədər genişdir. Ona görə də tərcüməçilik ixtisasının özünə yox, bu ixtisas üzrə hazırlanan mütəxəssisə yanaşma dəyişməlidir”.
Ekspert hesab edir ki, gələcəyin tərcüməçisi süni intellektlə rəqabət aparan yox, ondan istifadə etməyi bacaran mütəxəssis olacaq: “Burada dil biliyi ilə yanaşı, redaktə, mətnin düzgün qiymətləndirilməsi, sahə üzrə ixtisaslaşma və texnoloji bacarıqlar da ön plana çıxacaq”.
Ə.Ələkbərov qeyd edib ki, süni intellektin təsiri ilə “Hansı ixtisaslarda insan əməyinə ehtiyac azalacaq?” sualına diqqət yetirmək lazımdır: “Çünki süni intellekt bir çox peşəni tamamilə yox etməkdən əvvəl həmin peşələrdəki müəyyən işləri avtomatlaşdıracaq. Məsələn, mühasibat əməliyyatları, məlumatların işlənməsi, sadə mətnlərin hazırlanması, ilkin tərcümə, çağrı mərkəzlərində bəzi funksiyalar buna nümunə ola bilər. Amma burada təhsil sistemi üçün əsas mesaj başqadır. Biz tələbəyə sadəcə bir peşənin hazırkı formasını öyrətməməliyik. Ona dəyişən əmək bazarına uyğunlaşmaq bacarığı verməliyik. Məncə, qarşıdakı illərdə ən riskli vəziyyətdə olan ixtisas süni intellektin edə bildiyi işi təkrarlayan ixtisas olacaq. Ən perspektivli mütəxəssis isə süni intellektin imkanlarını öz peşə bacarığı ilə birləşdirə bilən şəxs olacaq”.
Zərnigar Hüseynli
19:00 14.08.2026
Oxunuş sayı: 47