Qarayara xəstəliyi ilə bağlı tədbir görülürmü? - Nazirlikdən açıqlama
Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə baş verib.
Kənd Təsərrüfatı Nazirliyindən Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxil olan məlumat əsasında Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirilib.
Hadisə yerində heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri görülüb, giriş hissəsində dezinfeksiya baryeri hazırlanıb. Xəstəliyin mümkün yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfata heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə olunub. Həmin heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri aparılıb.
Bildirilib ki, hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülərək laborator müayinəyə göndərilib.
Bu səbəbdən canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hələ laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında müəyyən ediləcək.
Hazırda təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir.
Qeyd edək ki, 2026-cı ilin birinci yarısında Gəncə şəhəri və ətraf ərazilərdə, həmçinin Samux rayonunda dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri həyata keçirilib.
Zeynəb Həsən
12:40 14.08.2026
Oxunuş sayı: 44