Göz zəifləməyinin qarşısını bu cür almaq olar - Oftalmoloq
Görmə qabiliyyətinin zəifləməsi həm uşaqlarda, həm də böyüklərdə geniş rast gəlinən problemlərdəndir. Uzun müddət telefon, planşet və kompüterdən istifadə göz sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə uşaqların kiçik yaşlarından ekran qarşısında uzun müddət vaxt keçirməsi onların görmə qabiliyyəti ilə yanaşı, fiziki və psixi inkişafına, sosiallaşmasına və ünsiyyət bacarıqlarına da təsir edə bilər. Mütəxəssislər bildirirlər ki, gündəlik həyatda göz sağlamlığının qorunması üçün ekran qarşısında keçirilən vaxtın məhdudlaşdırılması və görmə gigiyenasına əməl edilməsi vacibdir.
Uzman oftalmoloq Azmiye Altınışık Crossmedia.az-a açıqlamasında bildirib ki, telefon, planşet və kompüterdən uzun müddət istifadə göz sağlamlığında ciddi problemlərə səbəb ola bilər: “Telefon, planşet və kompüterlə uzun müddət məşğul olmaq göz sağlamlığında ciddi problemlərə yol açır. Bunun fərqində olmayan valideynlər, təəssüf ki, hər şeydən çox sevdikləri uşaqlarına bu zərəri vururlar. Ətrafımızda tez-tez görürük ki, hətta 6 aylıq körpələri belə telefon və ya planşetlə məşğul etməyə, yemək yedirməyə və ya yatızdırmağa çalışırlar. Halbuki uşaqların fiziki və psixi inkişafının, sosiallaşmasının və ünsiyyətinin təmin olunduğu mühitlərdə artıq onları daha az görürük”.

A.Altınışık qeyd edib ki, uzun müddət yaxın məsafəyə baxmaq görmə pozğunluqlarının yaranmasına, eləcə də mövcud görmə problemlərinin daha sürətlə artmasına səbəb ola bilər: “Gözlərin tez-tez qırpılması, sulanma, göz ağrısı və göz yorğunluğu şikayətləri ilə özünü göstərən göz quruluğu isə ən çox rast gəldiyimiz narahatlıqlardan biridir. Uşaqların mümkün qədər hər gün açıq havada ən azı 2 saat vaxt keçirmələri, onların zövq alacağı məşğuliyyətlərin tapılması vacibdir. Qidalanmalarının sağlam olmasına böyük diqqət yetirmək, fast food və emal olunmuş qida məhsullarından uzaq durmaq lazımdır”.
Zərnigar Hüseynli
17:30 13.08.2026
Oxunuş sayı: 55