Azərbaycan mədəni irsi dünyada tanınır: Daha geniş auditoriyaya çatdırılmalıdır
Azərbaycanın minilliklərə söykənən mədəni irsi beynəlxalq mediada diqqət çəkməkdə davam edir. Uruqvayın “Diario La R” qəzeti geniş məqaləsində Azərbaycanın qədim petroqliflərindən və Atəşgahdan tutmuş muğam, xalçaçılıq, ədəbiyyat, teatr və kinematoqrafiyasına qədər zəngin mədəni xəzinəsini təqdim edib. Nəşr xüsusilə muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer almasını, Qobustan qayaüstü rəsmlərini və ölkənin müxtəlif tarixi-mədəni abidələrini diqqətə çatdırıb.
Məqalədə Azərbaycanın yalnız qədim irsi deyil, müasir mədəniyyət və incəsənət imkanları da ön plana çıxarılıb. Qəzet ölkədə 50-dən çox muzeyin fəaliyyət göstərdiyini, Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyini əsas mədəni məkanlar sırasında qeyd edib. Eyni zamanda, Azərbaycanın kino tarixinin 1898-ci ildən başladığı və ölkənin ilk kino istehsalının formalaşdığı məkanlardan biri olduğu vurğulanıb.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva Crossmedia.az-a açıqlamasında Azərbaycanın mədəni irsinin beynəlxalq arenada tanıdılmasında incəsənət və xüsusilə musiqi irsinin mühüm rol oynadığını bildirib.

O, muğam, milli bəstəkarlıq məktəbi və xalq musiqisinin müasir təqdimat imkanları ilə daha geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb:
"Zənnimcə, bu istiqamətdə incəsənət və xüsusilə Azərbaycanın zəngin musiqi irsi ön planda olmalıdır. Muğam, milli bəstəkarlıq məktəbi, xalq musiqisi və ifaçılıq ənənələrimizin beynəlxalq konsertlər, festivallar, rəqəmsal platformalar və mədəni layihələr vasitəsilə daha fəal təqdimatı mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, kino, teatr, xalçaçılıq və memarlıq sənətimizin müasir təqdimat imkanlarından istifadə etməklə Azərbaycanın mədəni dəyərləri daha geniş auditoriyaya çatdırmaq mümkündür".
O, müasir dövrdə rəqəmsal platformaların Azərbaycanın mədəniyyətinin dünyaya təqdim olunması baxımından yaratdığı imkanlara da diqqət çəkib:
"Müasir dövrdə dünya arenasında tanıtımın ən effektiv yolu incəsənət və musiqimizin rəqəmsal platformalar vasitəsilə beynəlxalq auditoriyaya təqdimatıdır. Xüsusilə muğamımızı, milli musiqi irsimizi və bəstəkarlıq məktəbimizi müasir təqdimat formatları ilə dünyaya çatdırmaq Azərbaycanın mədəni tanıtımında böyük imkanlar yaradır".
Nigar Xəlilli
20:50 13.08.2026
Oxunuş sayı: 46