Kənan MM-dən yeni seriallar barədə: Reytinq keyfiyyət göstəricisi deyil
Son dövrlərdə Azərbaycan televiziya məkanında serial sahəsində nəzərəçarpacaq canlanma müşahidə olunur. “Bölmə”, “Qırmızı zona”, “Girov” kimi yerli ekran işləri tamaşaçıların marağını cəlb edərək geniş müzakirə olunur. Bu layihələr həm mövzu seçimi, həm aktyor heyəti, həm də çəkiliş keyfiyyəti baxımından yerli seriallara münasibətin dəyişdiyini göstərir. Belə ekran işlərinin artması Azərbaycan serial industriyasının yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.
Rejissor Kənan MM (Mahmudov) Crossmedia.az-a açıqlamasında bildirib ki, keyfiyyətli serialların ərsəyə gəlməsi üçün əsas amillərdən biri maliyyədir:

“İlk növbədə pul. Bu söz birmənalı qəbul olunsa da, olunmasa da, pul. Tutalım, ssenarist yazır ki, adam əlində beysbol bitası götürdü, ofisi vurdu, dağıtdı. Sən kimin ofisini vurub dağıda bilərsən? Buna büdcə lazımdır axı. Və yaxud maşını partlatdılar. Kimin maşınını partlada bilərsən? Hamı yaxşı serial izləmək istəyir, amma medalın digər tərəfini bilmirlər”.
O, yerli serialların inkişafında mövzu seçiminin də mühüm rol oynadığını vurğulayıb:
“Biz uzun illər o qədər xarici seriallara baxmışıq ki, bizə yad olan mentalitet həmişə doğma, maraqlı gəlib Amma əslində bizim özümüzdə də maraqlı hadisələr var. Tək ailə-məişət mövzusuna yüklənmək olmaz. Düzdür, belə məsələlər reytinq verir, amma reytinq keyfiyyət göstəricisi deyil. Yavaş-yavaş daha da yaxşı olacaq, inşallah”.
Rejissor xarici ekran işləri ilə rəqabətin yalnız keyfiyyətlə deyil, əsərin hansı auditoriyaya hesablanması ilə də bağlı olduğunu qeyd edib:
“Xarici ekran işləri ilə rəqabət aparmaq mədəni coğrafiyadan asılıdır. Osman Sınav bizə kursda deyirdi ki, ekran işini çəkməzdən əvvəl özün-özünə sual ver: buna kim baxacaq?".
Nigar Xəlilli
17:00 13.08.2026
Oxunuş sayı: 56