Rusiya Ukraynaya gecə zərbələrinin görüntülərini yayıb
Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində gecə saatlarında endirildiyi bildirilən zərbələrin videogörüntülərini yayımlayıb. Nazirliyin məlumatına görə, əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi obyektlər və liman infrastrukturu hədəfə alınıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata əsasən, Zaporojye vilayətində "Vostok" qoşun qruplaşmasının artilleriya bölmələri Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqəsini və 30-dan çox hərbçisini məhv edib.
Nazirlik bildirib ki, Çerniqov vilayətinin Snovsk şəhərində "Geran" tipli pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində elektrik yarımstansiyası sıradan çıxıb. Nəticədə Ukrayna Silahlı Qüvvələrinə aid bir sıra obyektlər elektrik enerjisiz qalıb.
Bundan başqa, Çerniqov və Xarkov vilayətlərində "Geran-4 Siker" PUA-ları ilə iki avtomobil yanacaqdoldurma məntəqəsinin məhv edildiyi qeyd olunub.a
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikolayev limanında yerləşən bir yük gəmisi və iki yedək gəmisi də PUA zərbələri ilə vurulub.
Həmçinin Çerniqov vilayətinin Mena və Semenovka yaşayış məntəqələrində yerləşən elektrik yarımstansiyalarının "Geran-4 Siker" pilotsuz uçuş aparatları ilə sıradan çıxarıldığı bildirilib.
Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
14:53 25.07.2026
Oxunuş sayı: 64