Yaponiya Baş naziri yuxu rejimi ilə müzakirələrə səbəb oldu
Yaponiyanın Baş naziri Sanae Takaiçi gündə cəmi 0–3 saat yatdığını, beş saatlıq yuxunu isə “lüks” hesab etdiyini açıqlayaraq ölkədə geniş müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Japan Times" məlumat yayıb.
Takaiçinin sözlərinə görə, bayram günlərini hökumət sənədlərini öyrənmək, minlərlə məktubu cavablandırmaq və ev işləri ilə məşğul olmaqla keçirib.
Onun bu etirafı cəmiyyətdə birmənalı qarşılanmayıb. Müxalif siyasətçilər xroniki yuxusuzluğun qərarvermə qabiliyyətini zəiflədə biləcəyini və ölkənin idarə olunmasına mənfi təsir göstərə biləcəyini bildiriblər.
Digər tərəfdən, bəzi şəxslər Takaiçini müdafiə edərək qeyd ediblər ki, Yaponiyanın ilk qadın baş naziri kimi o, dövlət işləri ilə yanaşı ailə və ev öhdəliklərini də yerinə yetirməli olur.
Hazırda Takaiçi parlamentin yay tətilinə qədər əsas qanun layihələrinin qəbuluna çalışır. Bu proses isə yenin son 39 ilin ən aşağı səviyyəsinə enməsi fonunda davam edən iqtisadi çətinliklərlə üst-üstə düşür.
Hadisə Yaponiyada uzun iş saatları və həddindən artıq işləmədən ölüm anlamına gələn “karoşi” problemini yenidən gündəmə gətirib. Rəsmi qaydalara əsasən aylıq əlavə iş saatı 45 saatla məhdudlaşdırılsa da, ölkədə artıq iş yükü hələ də geniş yayılmış problem olaraq qalır.
15:25 22.07.2026
Oxunuş sayı: 57