Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli: Dövlət-özəl əməkdaşlığına yeni stimul
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi yeni maliyyələşmə modeli məktəbəqədər təhsil sahəsində dövlət-özəl əməkdaşlığının genişləndirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir. Yeni qaydalara əsasən, dövlət müəyyən şərtlər daxilində özəl məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların təhsil haqqının bir hissəsini qarşılayacaq. Bu modelin məktəbəqədər təhsilin əlçatanlığına, özəl sektorun inkişafına və valideynlərin seçim imkanlarına necə təsir edəcəyi isə müzakirə olunan əsas məsələlərdəndir. Ekspertlər hesab edirlər ki, beynəlxalq təcrübədə də tətbiq olunan bu mexanizm həm dövlət, həm də valideynlər üçün mühüm üstünlüklər yarada bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib: "Bu maliyyələşmə mexanizmi əslində yeni deyil və əvvəlki illərdə də buna bənzər model tətbiq olunub. Bu, dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər təhsil alan uşaqlara göstərilən dəstək mexanizmidir. Oxşar təcrübə Avropa ölkələrində, ABŞ-də və digər inkişaf etmiş dövlətlərdə də tətbiq olunur. Bu model faydalıdır. Çünki məktəbəqədər təhsil uşağın dünyagörüşünün, maraqlarının və gələcək inkişafının formalaşmasında mühüm rol oynayır. Dövlətin strateji inkişaf sənədlərində də məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Hazırda mövcud bağçaların sayı, xüsusilə Bakı və digər iri şəhərlərdə artan tələbatı tam şəkildə qarşılamır. Bu səbəbdən yeni bağçaların tikilməsini gözləməkdənsə, mövcud özəl bağçaların potensialından istifadə etməklə dövlət dəstəyi mexanizminin tətbiqi daha praktik və daha sürətli həll yolu hesab olunur. Bu model beynəlxalq praktikada da geniş istifadə edilir.
Burada məqsəd təhsil haqqının tam şəkildə dövlət tərəfindən ödənilməsi deyil. Maliyyələşmənin bir hissəsi dövlət, digər hissəsi isə valideyn tərəfindən qarşılanır. Bu yanaşma xüsusilə maddi imkanı məhdud olan ailələr üçün dəstək mexanizmi rolunu oynayır. Ali təhsildə tətbiq olunan dövlət sifarişi və Tələbə Təhsil Krediti Fondu vasitəsilə göstərilən dəstəyə bənzər mexanizmin məktəbəqədər təhsil sahəsində də tətbiqi müsbət nəticələr verə bilər.Buna bənzər model qardaş Türkiyədə də uğurla tətbiq olunur. Türkiyədə özəl kolleclərdə təhsil alan şagirdlərin təhsil haqqının müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Beləliklə, dövlət bir şagird üçün nəzərdə tutduğu vəsait qədər dəstək göstərir, daha keyfiyyətli təhsil almaq istəyən ailələr isə əlavə məbləği özləri ödəyirlər. Bu yanaşma daha çox insanın özəl təhsil müəssisələrinə üz tutmasına stimul verir, eyni zamanda dövlətin əlavə infrastruktur xərclərinin də müəyyən qədər azalmasına şərait yaradır.
Yeni maliyyələşmə modeli maraqlı və faydalı addımdır. Proqramın əhatə dairəsinin genişləndirilməsi və bu istiqamətdə ayrılan vəsaitin artırılması məktəbəqədər təhsil sahəsinin inkişafına daha böyük töhfə verə bilər".
Zeynəb Həsən
12:15 21.07.2026
Oxunuş sayı: 62