Süni intellekt müəllimləri əvəz edir?
Kaliforniyada təhsil sahəsində süni intellektdən istifadəyə dair yeni qərar qəbul edilib. Yeni qanuna əsasən, 2027-ci ildən etibarən dövlət məktəblərində 1–12-ci sinif şagirdlərinə dərslərin süni intellekt tərəfindən tədris olunmasına icazə verilməyəcək. Sənədə görə, tədris prosesini yalnız insan müəllimlər həyata keçirə biləcək. Süni intellekt isə yalnız köməkçi tədris vasitəsi, məsələn, repetitor proqramı kimi istifadə olunacaq. Qərar təhsil prosesində insan amilinin qorunması ilə yanaşı, şagirdlərin tənqidi düşünmə, media və rəqəmsal savadlılıq bacarıqlarının formalaşdırılmasında müəllimin rolunun əvəzolunmaz olduğu fikrini də ön plana çıxarır. Qeyd edək ki, süni intellekt təhsildə faydalı alət olsa da, onun müəllimi tam əvəz etməsi xüsusilə media savadlılığı və informasiyanın düzgün qiymətləndirilməsi baxımından müəyyən risklər yarada bilər.

BDU Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib. Müsahibimiz hesab edir ki, media və informasiya savadlılığı yalnız informasiyanı əldə etmək və təhlil etmək bacarığı deyil, eyni zamanda ünsiyyət, əməkdaşlıq, etik davranış və tənqidi düşünmə kimi sosial kompetensiyalar formalaşdırır:
" Bu baxımdan müəllimin rolu əvəzolunmazdır.
Süni intellekt şagirdə informasiyanı daha sürətli əldə etməkdə, fərdiləşdirilmiş izahlar təqdim etməkdə və əlavə tədris dəstəyi göstərməkdə faydalı vasitədir. Lakin o, müəllimin pedaqoji təcrübəsini, emosional intellektini, şagirdin psixoloji vəziyyətini qiymətləndirmək bacarığını və sinifdaxili sosial münasibətləri idarə etmək imkanlarını tam əvəz edə bilməz. Xüsusilə media və informasiya savadlılığı dərslərində müəllimlə şagird arasında canlı dialoq böyük əhəmiyyət daşıyır. Dezinformasiyanın tanınması, manipulyasiya üsullarının izahı, etik prinsiplərin müzakirəsi və müxtəlif baxışların müqayisəli təhlili yalnız informasiya ötürülməsi deyil, həm də müzakirə və düşünmə prosesidir. Bu prosesdə müəllim şagird üçün sadəcə məlumat mənbəyi deyil, həm də bələdçi və tənqidi düşünməni formalaşdıran tərəfdaşdır.
Kaliforniyada müzakirə olunan yanaşma göstərir ki, inkişaf etmiş təhsil sistemləri də süni intellekti müəllimin alternativi kimi deyil, onun fəaliyyətini tamamlayan texnologiya kimi qiymətləndirirlər".
K.Niftəliyevanın fikrincə, gələcəyin məktəbi "insan müəllim və süni intellekt" qarşıdurması üzərində deyil, onların səmərəli əməkdaşlığı üzərində qurulmalıdır:
" Bu yanaşma Azərbaycanın təhsil siyasəti üçün də müəyyən mesajlar verir. Hesab edirəm ki, Azərbaycanda da süni intellektin tədris prosesinə inteqrasiyası davam edəcək. Lakin bu prosesin əsas prinsipi dəyişməməlidir. Süni intellekt müəllimi əvəz edən deyil, onun peşəkar fəaliyyətini gücləndirən vasitə olmalıdır. Xüsusilə media və informasiya savadlılığı kimi tənqidi düşünmə, etik qərarvermə və kommunikasiya bacarıqlarına əsaslanan fənnlərdə insan müəllimin rolu strateji əhəmiyyətini qoruyacaq.
Təhsilin məqsədi yalnız bilik ötürmək deyil, düşünən, sual verən və məsuliyyətli qərarlar qəbul edən şəxsiyyət formalaşdırmaqdır. Bu missiyanı isə ən müasir texnologiyalar belə insan müəllimin iştirakı olmadan tam həyata keçirə bilməz".
Turqut Ansari
17:00 20.07.2026
Oxunuş sayı: 126