Qadınların texniki və fundamental elmlərə cəlb edilməsi üçün xüsusi proqramlara ehtiyac var - RƏY
Azərbaycanda elmi fəaliyyətlə məşğul olan qadınların sayı artmaqda davam edir. Ali Attestasiya Komissiyasının məlumatına görə, 2026-cı ilin ilk yarısında elmi dərəcə alan 335 nəfərdən 229-u qadın, 106-sı kişi olub. Bununla yanaşı, humanitar sahələrdə qadınların üstünlüyü müşahidə edilsə də, texnika və bəzi iqtisadiyyat istiqamətlərində kişilər üstün mövqeyini qoruyur. Bu statistika elmi kadr hazırlığında gender balansı ilə bağlı yeni müzakirələrə səbəb olur.

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Oruc Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda alimlik dərəcəsi alanların əksəriyyətinin qadınlardan ibarət olması elmə marağın artdığını göstərsə də, texniki sahələrdə və elmi idarəetmədə gender balansı hələ də tam formalaşmayıb:
"Azərbaycanda alimlik dərəcəsi alanların 68,3 faizinin qadın olması müsbət göstəricidir. Lakin humanitar və pedaqoji sahələrdə qadınların üstünlük təşkil etməsi, texniki, mühəndislik və İT istiqamətlərində isə kişilərin çoxluq təşkil etməsi akademik mühitdə sahələr üzrə gender disbalansının davam etdiyini göstərir".
Ekspertin sözlərinə görə, bu fərq daha çox əmək bazarının xüsusiyyətləri və peşə seçimlərinə təsir edən sosial amillərlə bağlıdır:
"Texniki və iqtisadi sahələr özəl sektorda daha yüksək gəlir imkanları yaratdığı üçün kişilər daha çox həmin istiqamətlərə yönəlirlər. Qadınlar isə sabit iş qrafiki və sosial təminat baxımından ali təhsil və elmi fəaliyyəti daha cəlbedici hesab edirlər".
İ.Oruc qeyd edib ki, qadınlar magistratura və doktorantura səviyyəsində üstünlük təşkil etsələr də, rəhbər vəzifələrdə kişilər hələ də çoxluqdadır:
"Akademiklər, institut direktorları və rektorlar arasında kişilərin üstünlük təşkil etməsi göstərir ki, qadınların elmi karyerada ən yüksək pillələrə yüksəlməsi hələ də müəyyən çətinliklərlə müşayiət olunur".
Onun fikrincə, Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidi fonunda qadınların texniki və fundamental elmlərə cəlb edilməsi üçün xüsusi stimullaşdırıcı proqramlara ehtiyac var:
"Qadınların yüksək texnologiyalar, mühəndislik və fundamental elm sahələrinə daha fəal cəlb olunması ölkənin elmi və innovasiya potensialına müsbət təsir göstərə bilər".
Ekspert hesab edir ki, bununla yanaşı, istedadlı gənc oğlanların da elmi fəaliyyətə marağının artırılması vacibdir:
"Mən qadınların elmdə daha fəal olmasının tərəfdarıyam. Ancaq eyni zamanda istedadlı gənc oğlanların da elmə cəlb olunması istiqamətində təşviq mexanizmləri yaradılmalıdır. Əks halda gələcəkdə təhsil sahəsində olduğu kimi elmdə də gender disbalansı daha da dərinləşə bilər".
Nigar Xəlilli
20:50 18.07.2026
Oxunuş sayı: 74