Estetik cərrah: YouTube videolarına baxaraq əməliyyat aparmaq olmaz- MÜSAHİBƏ
Son illər Azərbaycanda estetik əməliyyatlara maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu artımla yanaşı, qeyri-peşəkar müdaxilələr, uğursuz əməliyyatlar və ağırlaşmalarla bağlı xəbərlər də ictimai narahatlıq doğurur. Xüsusilə plastik-estetik və rekonstruktiv cərrah olmayan şəxslərin estetik əməliyyatlar həyata keçirməsi, pasiyentlərin sağlamlığı üçün ciddi risklər yaradır və bu sahəyə olan etimadı sarsıdır. Digər tərəfdən, estetik cərrahiyyəyə müraciət edənlərin profili də dəyişir. Artıq qadınlarla yanaşı, kişilər arasında da burun estetikası, liposaksiya, ginekomastiya və üz gərmə kimi əməliyyatlara maraq artır. Bəs ən çox hansı estetik əməliyyatlara müraciət olunur? Hansı əməliyyatlar daha riskli hesab edilir?

Mövzu ilə bağlı Plastik-estetik cərrah İsmixan Səmədov Crossmedia.az-a müsahibə verib:
- Hazırda estetik əməliyyata müraciət edən pasientlər həkim seçimində hansı nüanslara diqqət etməlidirlər?
- Estetik əməliyyatlarda həkim seçimi son dərəcə vacibdir. Həkim seçərkən vətəndaşlar Səhiyyə Nazirliyinin rəsmi internet saytında paylaşdığı plastik-estetik və rekonstruktiv cərrahların siyahısına əsaslanmalıdırlar. Son dövrlərdə qeyri-peşəkar şəxslərin, yəni plastik-estetik və rekonstruktiv cərrah olmayan digər ixtisas sahiblərinin bu əməliyyatları həyata keçirməsi ciddi fəsadlara səbəb olur.
- Hansı mənfi nəticələr ola bilər?
- Bu hallar xəstələrdə nekroz riskini artırır, insanlarda qorxu yaradır və estetik cərrahiyyəyə olan etimadı sarsıdır. Bəzi xəstəxanalarda hətta ölüm halları da qeydə alınıb. Çünki təhsilini almadığınız, ixtisaslaşmadığınız bir sahədə cərrahi əməliyyat aparmaq nə tibbi, nə etik, nə də hüquqi baxımdan doğru deyil. Bu, birbaşa xəstənin həyatını təhlükə altına qoyur. Xəstələr əməliyyat qərarı verməzdən əvvəl seçdikləri həkimin, həqiqətən, plastik-estetik və rekonstruktiv cərrah olub-olmadığını mütləq araşdırmalıdırlar. Səhiyyə Nazirliyi də vaxtaşırı öz rəsmi internet saytında bu sahə üzrə fəaliyyət göstərməyə səlahiyyətli həkimlərin siyahısını paylaşır ki, vətəndaşlar düzgün seçim edə bilsinlər. Əgər xəstə qeyri-peşəkar şəxslərə müraciət edərək əməliyyat olunarsa, ağırlaşma riski xeyli yüksəlir. İnfeksiyalaşma ehtimalı artır, əməliyyatın uğursuz nəticələnməsi riski yaranır və sonradan çoxsaylı şikayətlər meydana çıxır. Bunun nəticəsində həm bu ixtisas sahəsinə, həm də ümumilikdə həkim peşəsinə qarşı inamsızlıq formalaşır. İnsanlarda estetik əməliyyatlarla bağlı fobiya və qorxu yaranır. Məhz buna görə də əməliyyat qərarı verərkən ilk növbədə həkimin plastik-estetik və rekonstruktiv cərrah olub-olmadığını dəqiqləşdirmək lazımdır. Təəssüf ki, bəzi insanlar daha ucuz qiymətə əməliyyat olunmağa üstünlük verirlər. Lakin bu cür əməliyyatların əksəriyyəti peşəkar olmayan şəxslər tərəfindən həyata keçirilir və nəticədə xəstələr ciddi problemlərlə üzləşirlər. Belə hallarda nekroz, burun əməliyyatlarından sonra deformasiyalar, toxuma ölümü, bədən əməliyyatlarından sonra seroma, tikişlərin açılması, eləcə də liposaksiya əməliyyatından sonra bədən konturlarında nahamarlıq və estetik qüsurlar meydana çıxır. Bunlar xəstələri ən çox narahat edən ağırlaşmalar sırasındadır. Hazırda səhiyyə sahəsində ən ciddi problemlərdən biri də məhz plastik-estetik və rekonstruktiv cərrah olmayan şəxslərin bu əməliyyatları həyata keçirməsidir. Bu isə həm plastik cərrahiyyənin nüfuzuna, həm də ümumilikdə həkimlik peşəsinə mənfi təsir göstərir. Nəticədə insanların bu sahəyə olan inamı azalır və narazı pasiyentlərin sayı artır. Bu isə bizim üçün olduqca üzücü bir vəziyyətdir.
Əslində, hər kəs yalnız öz ixtisası üzrə fəaliyyət göstərməlidir. Lakin burada, məncə, məsuliyyət təkcə bu əməliyyatları icra edən şəxslərin üzərinə düşmür. Onları işə götürən tibb müəssisələri də eyni dərəcədə məsuliyyət daşıyırlar. Təkcə qanunların mövcud olması kifayət etmir, onların icrasına da ciddi nəzarət olunmalıdır. Bu yaxınlarda həkim həmkarlarımızdan biri ilə bağlı çox üzücü hadisə baş verdi. Pasiyent əməliyyatdan sonra bir neçə gün reanimasiya şöbəsində qaldı. Sonradan məlum oldu ki, onu əməliyyat edən şəxs plastik-estetik və rekonstruktiv cərrah deyilmiş. Belə halların baş verməsi son dərəcə narahatedicidir. Pasiyentin qarın boşluğunda hematoma yaranmışdı. Hemoqlobin səviyyəsi 5 q/dl-ə qədər enmişdi. Xəstənin vəziyyəti ağırlaşdıqdan sonra laparotomiya icra olunaraq qarın boşluğuna daxil olunmuş, qanaxma mənbəyi müəyyən edilərək dayandırılmışdı. Lakin ilkin əməliyyatı həyata keçirən şəxs nə pasiyentin vəziyyətini düzgün qiymətləndirə bilmiş, nə də əməliyyatdan sonrakı müşahidə və müalicə taktikasını lazımi qaydada aparmışdı. Belə hadisələr bütün həkimlərə mənfi təsir göstərir. Bu, təkcə həkimlərin deyil, ölkəmizin səhiyyə sisteminin nüfuzuna da xələl gətirir. Biz tez-tez Türkiyədə keçirilən beynəlxalq konqreslərdə iştirak edirik. Azərbaycanda uğursuz estetik əməliyyat keçirmiş çoxlu sayda pasiyent yenidən əməliyyat üçün Türkiyəyə üz tutur. Bəzən xarici mütəxəssislər həmin əməliyyatların nəticələrinə baxaraq təəccüblənirlər və sual verirlər: “Bu necə üzgərmə əməliyyatıdır?” Elə hallar olur ki, üzgərmə əməliyyatı zamanı üz nahiyəsində düzgün olmayan kəsiklər aparılıb, hətta üz sinirləri zədələnib. Nəticədə pasiyentin üzünün bir tərəfi sallanıb, mimikası pozulub, qida qəbul edərkən ağız küncündən qidalar tökülür. Xarici mütəxəssislər belə halları gördükdə təəccüblərini gizlədə bilmirlər və bunun plastik-estetik cərrahiyyənin prinsiplərinə tamamilə zidd olduğunu bildirirlər. Bu cür hadisələr bizi də utandırır. Çünki belə ağırlaşmalar ölkəmizdə çalışan peşəkar plastik-estetik və rekonstruktiv cərrahların fəaliyyətinə də kölgə salır.
YouTube videolarına baxaraq cərrahi əməliyyat aparmaq olmaz. Belə hallar həm həkimlər üçün, həm dövlətimiz üçün, həm də cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Nəticədə çoxsaylı narazı pasiyentlər meydana çıxır və bu, hamımız üçün olduqca üzücü vəziyyət yaradır. Çünki bizim yaxınlarımız da hər zaman kimə müraciət etdiklərini bilirlərmi? Təəssüf ki, bəzən insanlar estetik əməliyyat keçirdiklərini gizlədir. Bu səbəbdən də peşəkar araşdırma aparmadan qeyri-ixtisas sahibi şəxslərə müraciət edirlər. Nəticədə isə çoxsaylı problemlərlə üzləşirlər və sonradan bu ağırlaşmaların aradan qaldırılması mümkün olmur. Hətta belə hallarda ölüm riski də mövcuddur. Şəxsən mən reanimasiya şöbəsi olmayan heç bir xəstəxanada əməliyyat aparmıram. Mütləq şəkildə reanimasiya xidməti olan tibb müəssisəsində fəaliyyət göstərirəm. Təəssüf ki, bir çox butik tipli xəstəxanalarda reanimasiya şöbəsi yoxdur. Buna baxmayaraq, həmin müəssisələrdə estetik əməliyyatlar həyata keçirilir. Hətta bəzi hallarda bu cür əməliyyatlar kosmetoloji mərkəzlərdə belə aparılır. Halbuki orada nə anestezioloq olur, nə də əməliyyat üçün zəruri anestezioloji təminat mövcuddur. Belə şəraitdə həyata keçirilən əməliyyatlar xəstələrin həyatını ciddi təhlükə altına qoyur. Bu cür halların baş verməsi həm bizim üçün, həm də ölkənin səhiyyə sistemi üçün utancverici vəziyyət yaradır. Nəticədə vətəndaşlar narazı qalır, həkimlərə qarşı inamsızlıq formalaşır və bu, hər birimizə mənfi təsir göstərir. Əslində, bu kimi problemlərin qarşısını almağın ən doğru yolu vətəndaşların əməliyyatdan əvvəl həkimin ixtisasını araşdırması, onun plastik-estetik və rekonstruktiv cərrah kimi rəsmi fəaliyyət göstərdiyinə əmin olması və yalnız müvafiq tibbi infrastruktura malik xəstəxanalara müraciət etməsidir. Bu, həm xəstələrin sağlamlığının qorunması, həm də estetik cərrahiyyə sahəsinə olan etimadın bərpası baxımından olduqca vacibdir.
- Azərbaycanda ən çox hansı estetik əməliyyatlarına müraciət olunur?
- Ümumilikdə, ən çox müraciət olunan estetik əməliyyatlardan biri burun estetikası (rinoplastika) əməliyyatıdır. Ondan sonra isə ən çox müraciət edilən əməliyyatlar bədən şəkilləndirmə əməliyyatlarıdır. Bunlara qarın gərmə əməliyyatı – abdominoplastika, həmçinin “Brazilian Butt Lift” (BBL) adlandırılan omba şəkilləndirmə əməliyyatları daxildir. Bundan başqa, üst və alt göz qapağı estetikası (blefaroplastika), üz gərmə əməliyyatları da pasiyentlər tərəfindən tez-tez seçilən estetik müdaxilələr sırasındadır. Ümumilikdə, məhz bu əməliyyatlara daha çox tələbat müşahidə olunur. Adətən estetik əməliyyatların daha çox qadınlar tərəfindən etdirildiyi düşünülür.

- Bəs kişilərlə bağlı vəziyyət necədir? Estetik əməliyyatlara daha çox hansı istiqamətlərdə müraciət edirlər?
- Bəli, son dövrlərdə bu sahədə ciddi dəyişikliklər müşahidə olunur. Mən uzun illərdir plastik-estetik və rekonstruktiv cərrahiyyə sahəsində fəaliyyət göstərirəm və Azərbaycanda bu sahədə çalışan ilk plastik cərrahlardan biriyəm. Həmçinin uzun illər Türkiyədə çalışmışam. Son on ilin tendensiyası göstərir ki, estetik əməliyyatlara müraciət edən kişilərin sayı əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəblərindən biri kişilərin daha çox stresə məruz qalmasıdır. Stressin təsiri nəticəsində dəri yaşlanması kişilərdə bir çox hallarda qadınlara nisbətən daha erkən başlayır. Bu səbəbdən də kişilər daha çox üz gərmə əməliyyatlarına müraciət edirlər. Bundan əlavə, kişilər arasında ginekomastiya əməliyyatlarına da tələbat artıb. Eyni zamanda bədənin müxtəlif nahiyələrində lokal şəkildə toplanmış piy toxumasının götürülməsi məqsədilə liposaksiya əməliyyatlarına da müraciət edirlər. Üz gərmə, üst və alt göz qapağı estetikası əməliyyatları da kişi pasiyentlər arasında getdikcə daha populyar olur. Artıq estetik əməliyyatlara müraciət edən kişi pasiyentlərin sayı xeyli artıb. Müraciət edənlər arasında müxtəlif yaş qruplarının nümayəndələri var. Hətta 20 yaş ətrafında olan gənclər də burun estetikası, ginekomastiya, liposaksiya və üz gərmə əməliyyatları üçün müraciət edirlər. Ümumilikdə, son illərdə kişilər arasında estetik əməliyyatlara maraq nəzərəçarpacaq dərəcədə artıb və bu tendensiya hər keçən gün daha da güclənməkdədir.
- Estetik əməliyyatlar içində necə səciyyələndirərsiniz? Ən riskli olanı hansıdır?
- Estetik əməliyyatlar arasında ən riskli hesab olunan müdaxilələr kombinə olunmuş əməliyyatlardır. Yəni bir neçə estetik əməliyyatın eyni seansda icra edilməsi risk səviyyəsini artırır. Xüsusilə beş-altı müxtəlif əməliyyatın birlikdə aparılması daha yüksək risk daşıyır. Məsələn, bəzi pasiyentlər eyni əməliyyat zamanı qarın gərmə, bel nahiyəsinin şəkilləndirilməsi, süd vəzilərinin estetikası, üz gərmə və burun estetikası kimi bir neçə cərrahi müdaxilənin birlikdə həyata keçirilməsini istəyirlər. Lakin əməliyyatların sayı artdıqca cərrahi müdaxilənin müddəti uzanır və buna paralel olaraq həm anesteziya, həm də əməliyyatdan sonrakı ağırlaşmaların yaranma riski də artır. Bu səbəbdən kombinə olunmuş estetik əməliyyatlar daha diqqətlə planlaşdırılmalı və pasiyentin ümumi sağlamlıq vəziyyəti hərtərəfli qiymətləndirildikdən sonra həyata keçirilməlidir.
- Burun əməliyyatından sonra edilən yanlışlıqlar nələrdir? Ümumiyyətlə, burun əməliyyatları zamanı bu sıxıntılar nədən qaynaqlanır?
- Bəzən pasiyentlər çox tələsirlər və istəyirlər ki, əməliyyatdan cəmi bir-iki ay sonra burun tam istədikləri formanı alsın. Lakin rinoplastikadan sonrakı reabilitasiya prosesi müəyyən vaxt tələb edir. Burunun tam formalaşması adətən bir ildən bir il yarıma qədər davam edir. Hər bir insanın orqanizmi və əməliyyata verdiyi reaksiya fərqlidir. Bəzi insanların orqanizmi ödemə daha meyilli olur və belə hallarda şişkinliyin çəkilməsi daha uzun müddət davam edir. Buna görə də pasiyentlər səbirli olmalı və yekun nəticəni qiymətləndirmək üçün ən azı bir ildən bir il yarıma qədər gözləməlidirlər. Digər mühüm problem isə bu əməliyyatları qeyri-peşəkarların keçirməsidir. Təəssüf ki, bəzən plastik-estetik və rekonstruktiv cərrah olmayan, hətta qulaq-burun-boğaz (KBB) ixtisasına da malik olmayan şəxslər estetik burun əməliyyatları icra edirlər. Belə hallarda isə pasiyentin problemləri əməliyyatdan sonra başlayır. Çünki xəstə nə estetik nəticədən razı qalır, nə də burnun funksiyası normal olur. Nəfəsalma pozulur, burun boşluğunda bitişmələr (sineşiyalar) yarana bilir və müxtəlif ağırlaşmalar ortaya çıxır. Nəticədə pasiyent təkrar – revizion rinoplastika əməliyyatına ehtiyac duyur. Revizion əməliyyatlar isə ilkin əməliyyata nisbətən daha mürəkkəb, daha riskli və daha bahalı olur. Eyni zamanda, bu cür əməliyyatlarda istənilən nəticəni əldə etmək də hər zaman mümkün olmur. Məhz buna görə ilk əməliyyat zamanı həkim seçiminə son dərəcə diqqətlə yanaşmaq lazımdır. Əməliyyat mütləq peşəkar, ixtisaslaşmış plastik-estetik və rekonstruktiv cərrah tərəfindən icra edilməlidir ki, sonradan ağırlaşmaların və fəsadların yaranma riski minimuma ensin. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bütün cərrahi əməliyyatlarda olduğu kimi, rinoplastikada da müəyyən risklər mövcuddur. Məsələn, burun ucunda enmə ehtimalı müəyyən faizlə hər bir pasiyentdə mövcuddur. Kim tərəfindən əməliyyat olunmasından asılı olmayaraq, bu kimi risklər tamamilə aradan qaldırıla bilməz. Tibbdə yüz faiz zəmanət verilən heç bir əməliyyat yoxdur. Lakin əməliyyatın peşəkar və təcrübəli mütəxəssis tərəfindən icra edilməsi uğurlu nəticə əldə etmək və ağırlaşma riskini minimuma endirmək baxımından ən vacib amillərdən biridir.
- Plastik əməliyyatların ömürlük nəticə verdiyini deyə bilərik?
- Ümumiyyətlə, həyatda heç nə ömürlük deyil. İnsan ömrünün də müəyyən bir müddəti olduğu kimi, estetik əməliyyatların nəticələrinin davametmə müddəti də həyata keçirilən əməliyyatın növündən asılı olaraq dəyişir. Məsələn, üz gərmə əməliyyatının nəticəsi orta hesabla 10–15 il davam edir. Bu müddət pasiyentin yaşı, dəri quruluşu, həyat tərzi və yaşlanma prosesindən asılı olaraq dəyişə bilər. Yəni üz gərmə əməliyyatı ömürlük nəticə vermir və müəyyən illər keçdikdən sonra əlavə müdaxiləyə ehtiyac yarana bilər. Bəzi estetik əməliyyatlar isə düzgün icra olunduğu və pasiyent əməliyyatdan sonrakı tövsiyələrə əməl etdiyi təqdirdə uzunmüddətli, hətta ömürlük nəticə verə bilər. Abdominoplastika, yəni qarın gərmə əməliyyatı düzgün aparıldıqda və pasiyent sonradan ciddi çəki artımı yaşamırsa, əldə olunan nəticə uzun illər, hətta ömürboyu qoruna bilər. Eyni sözləri rinoplastika – burun estetikası haqqında da demək olar. Əgər pasiyent sonradan ciddi travma almırsa və əməliyyat düzgün icra olunubsa, əldə olunan nəticə ömürlük qala bilər. Lakin üz gərmə və göz qapağı estetikası kimi əməliyyatlarda yaşlanma prosesi davam etdiyi üçün nəticələr daimi olmur. Orta hesabla 5–15 ildən sonra yaşlanmanın təsirlərindən asılı olaraq yenidən müəyyən estetik müdaxilələrə ehtiyac yarana bilər.
- Hansı yaşdan etibarən estetik əməliyyatlar məqsədəuyğun hesab olunur?
- Estetik əməliyyatlar, bir qayda olaraq, tibbi göstəriş olduğu halda 18 yaşdan etibarən icra edilə bilər. Yəni pasiyent yetkinlik yaşına çatdıqdan sonra və əməliyyat üçün tibbi göstəriş mövcud olduqda estetik cərrahi müdaxilə aparılması mümkündür.
- Estetik əməliyyat etdirməyi düşünən şəxslər ilk növbədə nələrə diqqət etməlidirlər?
- İlk növbədə pasiyent həkimin tövsiyələrini diqqətlə dinləməli və onlara tam şəkildə əməl etməlidir. Xüsusilə əməliyyatdan sonrakı reabilitasiya dövründə həkimin verdiyi bütün göstərişlərə riayət olunması uğurlu nəticənin əldə edilməsində həlledici rol oynayır. Pasiyent bu prosesi həkimi ilə sıx əməkdaşlıq şəraitində keçirməli, səbirli olmalı və reabilitasiya müddətinin müəyyən zaman tələb etdiyini qəbul etməlidir. Estetik əməliyyatların yekun nəticəsi bir çox hallarda dərhal deyil, mərhələli şəkildə formalaşır. Buna görə də pasiyent tələsməməli və bərpa prosesinə vaxt verməlidir. Həkimin tövsiyələrinə əməl edən, reabilitasiya qaydalarına riayət edən və səbir göstərən pasiyentlər, adətən, estetik əməliyyatlardan daha uğurlu və qənaətbəxş nəticə əldə edirlər.

- Hansı hallarda pasiyentə əməliyyatdan imtina etməyi tövsiyə edirsiniz?
- Bəzi pasiyentlərdəürək-damar xəstəlikləri, böyrək xəstəlikləri və ya qan azlığı olur. Məsələn, bu günlərdə mənə müraciət edən xəstələrimin birində qan dəyərləri beş nöqtə beş çıxdı. Ona əməliyyatdan imtina etməyi məsləhət bildim. Çünki bu situasiyada əməliyyat doğru deyil. Başqa bir pasiyentimin bariyatrik mədəsi çıxarılmışdı. Hemoqlobini altı nöqtə beş idi. Ona da eyni məzmunlu sözlər dedik. Yəni ürək- damar xəstəlikləri, böyrək xəstəliyi, qan xəstəliyi olan pasiyentləri adətən əməliyyat etmirik.
Ayhan
12:30 15.07.2026
Oxunuş sayı: 49