Lavrov: Avropa və Kiyev Alyaska razılaşmalarını “dəfn etmək” istəyir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanı Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və ABŞ arasında əldə olunmuş razılaşmaları pozmağa cəhd göstərməkdə ittiham edib.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Çadın xarici işlər naziri Abdullaye Sabre Fadulla ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında çıxış edən Lavrov bildirib ki, Avropa ölkələri Ukrayna böhranının həlli prosesi ətrafında növbəti oyunlar quraraq Moskva ilə Vaşinqton arasında əldə olunmuş razılaşmaları sarsıtmağa çalışır.
Lavrovun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Alyaskada əldə olunan razılaşmaların qüvvədən düşdüyünü deməyib. O bildirib ki, Tramp sammitdən sonra həmin razılaşmaları müsbət qiymətləndirərək prosesin başlandığını vurğulayıb.
Nazir iddia edib ki, razılaşmaların artıq qüvvədə olmadığını bəyan edənlər Avropa ölkələri və Ukraynadır. Onun sözlərinə görə, məhz onlar Alyaska razılaşmalarının öldüyünü və dəfn edildiyini açıq şəkildə bəyan ediblər.
18:48 14.07.2026
Oxunuş sayı: 46