AŞPA öz dəyərlərinə xəyanət etmiş qurumdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il iyulun 13-də Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış nitqində ölkəmizin Avropa Şurası (AŞ) və onun Parlament Assambleyası (AŞPA) ilə münasibətləri barədə ciddi qiymətləndirmə verib. Prezident qeyd edib ki, “Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək” və Bakının bu strukturdan tam çıxma variantını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Bu bəyanat AŞPA ilə Azərbaycan arasında uzun müddətdir davam edən gərginliyin kulminasiya nöqtəsini əks etdirir. 2024-cü ildə AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüquqlarını dayandırmasından sonra münasibətlər daha da pisləşib və bu günə qədər davam edən qarşılıqlı ittihamlara səbəb olub.

Milli Məclisin deputatı Asim Mollazadə məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında qeyd edib ki, AŞPA-nın bu gün düşdüyü vəziyyət, əslində, uzun illər ərzində öz dəyərlərinə xəyanət etməsinin nəticəsidir: “Bu qurum müəyyən qüvvələrin təsiri altında olan bir meydana çevrilib. Orada fəaliyyət göstərən bəzi şəxslər, hətta təqaüdə çıxdıqdan sonra belə, bu fəaliyyəti özləri üçün qazanc mənbəyinə çeviriblər, yəni korrupsiyaya bulaşıblar. Digərlərinin ideoloji baxışları isə Avropa Şurasının prinsiplərindən daha çox keçmiş Sovet Kommunist İnternasionalının ideyalarına yaxındır. Bu gün artıq həmin təşkilatın öz dəyərlərindən uzaqlaşdığını və yanlış yolda olduğunu açıq şəkildə görürük. Məhz buna görə də Prezident tam haqlı olaraq bildirib ki, Azərbaycan AŞPA-dan çıxsa, ölkədə buna görə təəssüflənəcək heç kim olmayacaq”.
Politoloq Zaur Məmmədov isə qeyd edib ki, Azərbaycan Avropa Şurasından çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək fikri Avropaya verilən açıq mesajdır: “Yəni düşünməyin ki, Azərbaycanın sizə ehtiyacı var və ya Azərbaycan vətəndaşları Avropa Şurasında, yaxud AŞPA-da qalmaq naminə hər cür addımı atmağa hazırdırlar. Xeyr, ölkə vətəndaşları bunu heç hiss belə etməz. Ona görə də, münasibətləri pozan ilk tərəf kimi, ilk addımı da siz atmalısınız. Əgər Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsinizsə, buyurun, top sizin meydanınızdadır. Yox, əgər bunu etməyəcək, Azərbaycana qarşı təzyiqləri davam etdirəcəksinizsə, istisna deyil ki, Azərbaycan parlamenti və hökuməti tərəfindən AŞPA-dan çıxmaq məsələsi gündəmə gətirilsin. Ümumiyyətlə, istər AŞPA olsun, istər Avropa İttifaqının, istərsə də Avropa Şurasının digər qurumları, onlar çox yaxşı bilirlər ki, Azərbaycan xarici siyasətdə prinsipial xəttindən geri çəkilmək niyyətində deyil. Hansı mövzu üzərindən təzyiq göstərilməsindən asılı olmayaraq, rəsmi Bakı bundan sonra da öz siyasətini davam etdirəcək”.

Politoloq qeyd edib ki, əgər AŞPA belə addımlar atırsa, ilk növbədə özü düşünməlidir ki, bunun üçün hansı hüquqi və siyasi əsaslara malikdir: “Azərbaycanda Konstitusiya mövcuddur, ölkənin qoşulduğu beynəlxalq hüquqi öhdəliklər var. AŞPA, eləcə də Avropa Şurası və Avropa İttifaqı anlamalıdır ki, heç bir beynəlxalq qurumun suveren dövlətin daxili işlərinə qarışmaq hüququ yoxdur. Xüsusilə də hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında sülh prosesi davam etdiyi, Ermənistan tərəfindən rəsmi səviyyədə bu və ya digər məsələlər qaldırılmadığı halda, AŞPA-nın bu proseslərə müdaxilə etməyə çalışması həm gülünc, həm də rüsvayedici görünür”.
Ayhan
20:30 14.07.2026
Oxunuş sayı: 47