Varşavada Başqırdıstanla bağlı sərgi açılıb
Polşanın paytaxtı Varşavada Rusiyada başqırdların vəziyyətinə həsr olunmuş açıq hava sərgisi təşkil edilib.
Crossmedia.az xəbər verir ki, "EADaily" bu barədə məlumat yayıb.
Məlumata görə, sərgi şəhərin mərkəzində, Krakovskie Pşedmieşçe küçəsində açılıb. Tədbir "Azad Millətlər Liqası" və "Xaricdəki Başqırd Milli Hərəkatı Komitəsi" tərəfindən təşkil olunub.
Ekspozisiya üç plakatdan ibarətdir. Plakatlardan biri başqırd siyasi məhbuslarına, o cümlədən həbsi Baymak şəhərində kütləvi etirazlara səbəb olan Fail Alsınova həsr olunub. Digər plakatlarda isə başqırdların ənənələri təqdim edilir, Rusiya isə imperiya və "xalqlar həbsxanası" kimi xarakterizə olunur.
"Azad Millətlər Liqası"nın rəhbəri Sıres Bolyaen bildirib ki, məqsəd separatizm deyil, Rusiyada yaşayan xalqların öz gələcəyini müstəqil müəyyən etməsi və dekolonizasiya ideyasını təşviq etməkdir. Qeyd olunur ki, erzya xalqını təmsil edən Bolyaen hazırda Ukraynada yaşayır, Maydan hadisələrində iştirak edib və sonradan Rusiyaya qarşı döyüşlərə qatılıb.
Məlumatda bildirilir ki, sərginin həmtəşkilatçısı olan "Xaricdəki Başqırd Milli Hərəkatı Komitəsi"nin internet saytında daha əvvəl Rusiyada mümkün siyasi böhran zamanı fəaliyyət planı dərc olunub.
Həmin sənəddə Başqırdıstan parlamentinin deputatlarının müstəqillik elan etməyə məcbur edilməsi, imtina ediləcəyi təqdirdə isə onların qanunverici orqanın binasına zorla gətirilməsi nəzərdə tutulur.
Sənəddə həmçinin silahlı yolla hakimiyyətin ələ keçirilməsi, respublika rəhbərliyinin həbs edilməsi, hökumət binaları, Ufa meriyası, hava limanları, dəmiryol vağzalları, televiziya, banklar, polis bölmələri, istintaq təcridxanaları, hərbi hissələr və Federal Təhlükəsizlik Xidmətinin binaları üzərində nəzarətin ələ keçirilməsi kimi müddəalar da yer alıb.
Bundan başqa, Ufanın giriş və çıxışlarında blokpostların yaradılması ehtimalı da qeyd olunur.
Məqalədə təqdim olunan demoqrafik göstəricilərə əsasən, Başqırdıstan əhalisinin təxminən 30 faizini başqırdlar, 36 faizini ruslar, 24 faizini isə tatarlar təşkil edir.
Sərgidə yerləşdirilən QR-kodların yönləndirdiyi internet səhifəsində isə hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı məlumatların olmadığı, əsasən Rusiyada başqırdların təqibi və "müstəmləkə zorakılığı" ilə bağlı materialların təqdim edildiyi bildirilir.
15:54 14.07.2026
Oxunuş sayı: 46