Gənc ailələrə mənzil verilməli və digər sosial dəstək mexanizmləri gücləndirilməlidir
Azərbaycanda son illər doğum səviyyəsində azalma demoqrafik və iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib. Rəsmi statistik göstəricilər hər il doğulan uşaqların sayının əvvəlki illərlə müqayisədə azaldığını göstərir. Mütəxəssislər hesab edirlər ki, bu tendensiya uzunmüddətli perspektivdə əmək bazarına, sosial təminat sisteminə və iqtisadi inkişafa təsirsiz ötüşməyəcək. Xüsusilə əhalinin yaşlanması və əmək qabiliyyətli insanların sayının azalması gələcəkdə yeni çağırışlar yarada bilər. Eyni zamanda pensiya sisteminin maliyyə dayanıqlığı ilə bağlı da müxtəlif ehtimallar səsləndirilir. Bununla yanaşı, ekspertlər bu risklərin düzgün sosial və iqtisadi siyasətlə minimuma endirilə biləcəyini bildirirlər. Demoqrafik dəyişikliklər yalnız əhali sayına deyil, təhsil, səhiyyə və məşğulluq sahələrinə də təsir göstərən mühüm amillərdən hesab olunur.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir bildirib ki, son illərdə ölkəmizdə doğum səviyyəsində azalma müşahidə edilir: "Əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 2014-cü ildə 18,1 olduğu halda, 2024-cü ildə bu göstərici 10-a enib. Müqayisə üçün professor qeyd edib ki, 1980-ci ildə hər 1000 nəfərə 25,2 doğulan düşürdü. Azərbaycanda doğum səviyyəsinin azalması təkcə demoqrafik deyil, həm də iqtisadi və sosial nəticələr doğura biləcək bir prosesdir. Doğum səviyyəsinin aşağı düşməsi uzunmüddətli perspektivdə əmək qabiliyyətli əhalinin sayının azalmasına səbəb olur. Nəticədə gələcəkdə əmək bazarında kadr çatışmazlığı yarana bilər ki, bu da iqtisadi artım tempinin zəifləməsinə gətirib çıxara bilər. Bununla yanaşı, əmək məhsuldarlığının yüksəldilməsi və müasir texnologiyaların geniş tətbiqi bu təsirlərin müəyyən hissəsini kompensasiya edə bilər".

R.Sabir qeyd edib ki, əhalinin sayının azalması bəzi rayonlarda təhsil, səhiyyə və digər sosial xidmət müəssisələrinin fəaliyyətinə də təsir göstərə bilər: "Doğum səviyyəsinin azalması demoqrafik qocalma prosesini sürətləndirir və bu, pensiya sisteminin maliyyə dayanıqlığı üçün müəyyən risklər yaradır. BMT-nin proqnozlarına əsasən, 2050-ci ilədək ölkədə əhalinin yaşlanma prosesi daha da sürətlənəcək. Nəticədə pensiya sistemində aktiv-passiv nisbətinin, yəni sosial sığorta haqqı ödəyənlərin pensiya alanlara nisbətinin azalması ehtimalı artır. Bu isə pensiya sisteminin maliyyə dayanıqlığı baxımından müəyyən problemlər yarada və dövlətin sosial yükünü artıra bilər. Aktiv-passiv nisbətinin azalması yalnız doğum səviyyəsindən asılı deyil. Bu göstəriciyə doğulanda gözlənilən ömür uzunluğunun artması, məşğulluq səviyyəsi, əmək bazarında qeyri-formal məşğulluğun payı, miqrasiya prosesləri və digər amillər də təsir göstərir".
Hazırkı demoqrafik göstəricilərin müəyyən çağırışlar yaratdığını deyən professor əlavə edib ki, gələcəkdə pensiya alanların sayının işləyənlərin sayından çox olacağını qəti şəkildə söyləmək mümkün deyil: "Bu, uzunmüddətli demoqrafik və iqtisadi meyillərdən asılı olacaq. Əmək bazarının səmərəli şəkildə tənzimlənməsi üçün gənc ailələrə mənzil və digər sosial dəstək mexanizmlərinin gücləndirilməsi, qadınların əmək bazarında iştirakını asanlaşdıran çevik məşğulluq siyasətinin tətbiqi, qeyri-formal məşğulluğun azaldılması, sosial sığorta ödəyicilərinin sayının artırılması, insan kapitalına, təhsilə və peşə hazırlığına investisiyaların genişləndirilməsi, eləcə də yaşlı əhalinin əmək bazarında daha uzun müddət fəal qalmasına şərait yaradan siyasətlərin həyata keçirilməsi zəruridir. Vaxtında və məqsədyönlü şəkildə həyata keçirilən demoqrafik, iqtisadi və sosial siyasətlər bu riskləri əhəmiyyətli dərəcədə azalda və ölkənin davamlı inkişafına mühüm töhfə verə bilər".
Zeynəb Həsən
12:30 14.07.2026
Oxunuş sayı: 51