Rusiya XİN Serbiyanı Ukrayna parlamenti sədrinin çıxışına görə tənqid edib
Rusiya Xarici İşlər Nazirliyi Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun Belqradda səsləndirdiyi anti-Rusiya bəyanatlarına Serbiya təşkilatçılarının reaksiya verməməsindən narazılığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, həftənin əvvəlində Belqradda Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin parlament sədrlərinin konfransında səsləndirilən anti-Rusiya fikirləri təşkilatçılar tərəfindən lazımi qiymətini almayıb.
Onun sözlərinə görə, Kiyev hakimiyyətinin nümayəndələri istənilən beynəlxalq tədbirdən anti-Rusiya təbliğatı üçün istifadə etməyə çalışırlar.
Zaxarova iddia edib ki, Ruslan Stefançuk konfrans tribunasından rusofob ritorikanı tədbirin əsas mövzusuna çevirməyə cəhd göstərib və serblərin ruslara "kiçik qardaş" kimi baxmamalı olduqlarını bildirib.
Rusiya XİN sözçüsü əlavə edib ki, Serbiya ictimaiyyətinin Kiyev hakimiyyəti barədə kifayət qədər məlumatlı olduğuna inanırlar.
17:09 11.07.2026
Oxunuş sayı: 52